Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş icbari tibbi sığorta haqqının ödənilməsi qaydası dəyişə bilər.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2 500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun 2 %-i qədər, 2 500 manatdan çox olduqda isə sığortaolunan və sığortaedən hər biri artıq hissənin 0,5 %-i qədər sığorta haqqı ödəyəcək.
Xatırladaq ki, hazırda muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) vəzifəyə təyin etdiyi şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə əməkhaqqının 8 000 manata qədər olan hissəsindən sığortaolunan və sığortaedən hər biri 2 %, 8 000 manatdan çox olan hissəsindən isə sığortaolunan və sığortaedən hər biri 0,5 % sığorta haqqı ödəyir.
Bakı 


