Azərbaycanın İndoneziyadakı səfirliyi paytaxt Cakartada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ziyafət təşkil edilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Çem Vidhya, İndoneziyanın rəsmi qurumlarının və ictimaiyyətin nümayəndələri, diplomatik missiyaların rəhbərləri, eləcə də İndoneziyada yaşayan soydaşlarımız iştirak ediblər.
İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Ramil Rzayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulayaraq, 2020-ci ildə əldə edilmiş tarixi qələbənin xalqımızın birliyinin, əzminin və iradəsinin, habelə dövlətçiliyimizin və müdafiə qüdrətimizin möhkəmləndirilməsi istiqamətində uzun illər ərzində görülmüş işlərin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və prinsipial siyasətin nəticəsində əldə olunub.
Səfir qələbədən sonra Azərbaycanın yeni quruculuq mərhələsinə qədəm qoyduğunu, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqlarını, Qarabağ və Şərqi Zəngəzurda müasir şəhər və kəndlərin salındığını, yaşıl enerji layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Diplomat Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dəstək göstərən bütün ölkələrə, xüsusilə də bu məsələdə Azərbaycanın mövqeyinə daim hörmətlə yanaşan və ölkəmizlə dostluq münasibətlərini inkişaf etdirən İndoneziyaya minnətdarlığını ifadə edib.
















