2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 299 milyon 861 min ABŞ dolları dəyərində 951 min 461 ədəd smartfon idxal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 8.2% və ya 85.4 min ədəd azalıb, dəyər baxımından isə 3.7% və ya 10.6 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 9 ayı ərzində ölkəyə 289 milyon 239.7 min dollar dəyərində 1 milyon 36 min 868 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 536 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 474 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 755 min 807 ədəd), Vyetnamdan (183 min 880 ədəd), Hindistandan (11013 ədəd), İndoneziya ( 495 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 510 manata, Vyetnamdan 618 manata, Hindistandan 976 manata, İndoneziyadan 467 manata Koreyadan isə 204 manata idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 196.6 min ABŞ dolları dəyərində 1116 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 299 manat təşkil edib.
Bakı 



