Bu ilin ilk 10 ayında pensiya ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 6,5 milyard manata çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4 faiz artaraq 1,9 milyard manat olub.
Onun sözlərinə görə, hesabat dövründə orta aylıq pensiya 10,4 faiz artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10 faiz artaraq 634 manata yüksəlib.
A.Əliyev diqqətə çatdırıb ki, pensiyaların orta aylıq əməkhaqqına nisbəti 51 faiz, yaşa görə pensiyaların nisbəti isə 54 faiz təşkil edib. Bu göstəricilər Beynəlxalq Əmək Təşkilatının tövsiyə etdiyi 40 faizlik həddi üstələyir.
Nazir qeyd edib ki, cari dövrdə ölkə üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 1173 manata çatıb. Əmək və Məşğulluq altsisteminin məlumatlarına əsasən, əmək müqavilələrinin sayı da ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artıb.
Çıxışında sosial islahatların nəticələrinə də toxunan A.Əliyev bildirib ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketi həyata keçirilib. Bu paketlərin ümumi maliyyə dəyəri 8 milyard manat təşkil edib.
Nazirin sözlərinə görə, 2027-ci ilin dövlət və icmal büdcəsi layihələrində altıncı sosial islahat paketi ilə bağlı da müvafiq maliyyə təminatı yaradılıb.
A.Əliyev dövlət və icmal büdcələrinin gələn il də sosial yönümlülüyünü qoruyacağını, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının gücləndirilməsi üçün maliyyə təminatının yaradıldığını vurğulayıb.
Zeynəb Rzayeva















