Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib:
"Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq".
Zaxarova isə KQB-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib. O vurğulayıb ki, Osmanlı İmperiyasında “erməni soyqırımı” 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb.
Siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tamamilə haqlıdır.
Ekspert vurğulayıb ki, "erməni soyqırımı" məsələsi 1950-ci illərədək demək olar yox idi:
"Müəyyən dairələrin məqsədli şəkildə gündəmə gətirdiyi "erməni soyqırımı" məsələsi "soyuq müharibə" dönəmindən etibarən ortalığa atılıb. "Soyuq müharibə" dövründə qütbləşmə bir çox uydurma məsələləri, o cümlədən "erməni soyqırımı"nı da gündəmə daşıyıb. Məqsəd bu məsələni NATO üzvü Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək olub”.
Müsahibimizin sözlərinə görə, əslində hamıya bəllidir ki, uzun illər bu uydurma məsələni manipulyasiya ediblər. Tarixçilər dəfələrlə vurğulayıblar ki, 1915-ci il hadisələri zamanı hansısa soyqırım yaşanmayıb:
“Bu, sadəcə SSRİ-nin, Paşinyanın dediyi kimi keçmiş KQB-nin əlində təzyiq aləti idi. Paşinyan hətta sual etmişdi ki, niyə "soyqırım" məsələsi XX əsrin ortalarından gündəmə gətirilib, ondan əvvəl isə heç kim buna toxunmayıb. Bu da məsələnin məqsədyönlü şəkildə ortaya atıldığını göstərir".

Samir Hümbətov: Tarixçilər dəfələrlə vurğulayıblar ki, 1915-ci il hadisələri zamanı hansısa soyqırım yaşanmayıb
Analitik əlavə edib ki, Zaxarovanın buna reaksiyası əslində Rusiyanın çarəsizliyinin, acizliyinin göstəricisidir:
"Zaxarovanın açıqlaması Rusiyanın ittihamlardan qaçmağa çalışmasından xəbər verir. Adı "KQB" olmasın, başqa şey olsun, nə fərqi var. Söhbət Rusiyaya məxsus kəşfiyyat orqanlarının qondarma "erməni soyqırımı"nı əllərində bayraq etməsindən, bunu Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etmələrindən gedir. Rusiya Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil. XİN sözçüsü zənn edir ki, həqiqəti danmaqla onun üstünü ört-basdır etmək mümkündür. Reallıq ortadadır. Paşinyan bunları gündəmə gətirməklə həm də Rusiyaya mesaj verir ki, ermənilər artıq kimlərinsə əlində alət olmaq istəmirlər".
Aydın Baxış
Bakı 


