8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürurun, birliyin və dövlət müstəqilliyinin ən ali təntənəsi kimi əlamətdar bir gündür. Bu tarix təkcə hərbi qələbənin deyil, həm də otuz illik ədalətsizliyə, işğala və milli faciələrə son qoyan iradənin simvoludur.
1988-ci ildə başlayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizdən çoxu işğal olundu, bir milyondan çox insan doğma yurd-yuvasından didərgin düşdü. Lakin xalq bu dövrdə azadlıq ümidini heç vaxt itirmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən planlı, məqsədyönlü və ardıcıl siyasət, ordu quruculuğuna, iqtisadi sabitliyə və diplomatik təşəbbüslərə əsaslanan strateji xətt Azərbaycanın gələcək Qələbəsinə zəmin yaratdı.
Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatına cavab olaraq başlandı. Qısa müddətdə Azərbaycanın Silahlı Qüvvələri yüksək döyüş qabiliyyəti, müasir texnologiyalara əsaslanan taktiki üstünlüyü və xalqın misilsiz dəstəyi ilə düşməni geri çəkilməyə məcbur etdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər strateji əhəmiyyətli yaşayış məntəqələri azad olundu. Şuşanın azadlığı isə müharibənin gedişatında dönüş nöqtəsi oldu və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən qələbəyə yol açdı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla müharibə başa çatdı, Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan tarixinin ən möhtəşəm zəfərlərindən birinə imza atdı.
Zəfərdən sonra ölkə rəhbərliyi azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə start verdi. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri, məscidlər və yaşayış məntəqələri bərpa edilir. Bu proses təkcə fiziki yenidənqurma deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın canlandırılması deməkdir.
Zəfər Günü, həmçinin milli həmrəylik və siyasi birliyin təntənəsidir. Müharibə dövründə xalq, ordu və dövlət rəhbərliyi bir yumruq kimi birləşərək “öldü var, döndü yoxdur” şüarı ilə döyüşdü. Müxtəlif sosial təbəqələrə, dini və etnik mənsubiyyətə baxmayaraq, bütün vətəndaşlar bir amal uğrunda - Vətənin azadlığı uğrunda birləşdilər. Bu birlik həm döyüş meydanında, həm də arxa cəbhədə özünü göstərdi. Media, diplomatiya və ictimai fəallıq sahəsində aparılan informasiya müharibəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı və ədalətli mövqeyini təsdiq etdi.
Bu gün Zəfər Günü təkcə qələbənin xatirəsi deyil, həm də gələcəyə yönəlmiş milli strategiyanın təməl daşıdır. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, azadlıq və suverenliyin dəyərinin dərk olunması üçün ən böyük mənəvi örnəkdir. 8 Noyabr tarixi göstərdi ki, Azərbaycan dövləti və xalqı istənilən sınaqdan alnıaçıq çıxmaq gücünə malikdir və milli birliyin qarşısında heç bir güc dayana bilməz.
Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən parlaq səhifəsi kimi əbədi yaşayacaq.
Ruslan Zəngəzur
Bakı 


