• Bakı 25° C

    13.25 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şərqdə və müsəlman aləmində ilk demokratik Cümhuriyyət

SİYASƏT

21 May 2024 | 15:35

Şərqdə və müsəlman aləmində ilk demokratik Cümhuriyyət

Şərqdə və müsəlman aləmində ilk demokratik, parlament tipli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqil­lik əzmini nümayiş etdirdi, ölkə vətəndaşlarına eyni hüquqları verərək irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldıraraq dövlət bayrağını, əsas ritualları təsis etmiş, Azərbaycan vətəndaşlığını birliyimizin təməli olaraq təsbit etdi.

Qısa müddətdə Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi, bir çox demokratik müddəaları özündə əks etdirən Qanunlar qəbul olundu.

Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi” haqqında qərarla təhsil müəssisələrində tədrisin ana dilində aparılmasına başlandı. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsi ilə Müsəlman Şərqində modern təhsil standartlarına əsaslanan Avropa tipli ali təhsil müəssisəsinin əsası qoyuldu.

Sovetlər Birliyinin süqutu ilə XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruya bildi. 1987-1993-cü illərin böhranlar mərhələsində çox böyük sarsıntılar keçirən ölkəmizi Ulu öndər Heydər Əliyev təkrar hakimiyyətə qayıtmaqla həm dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü, həm də ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndərin sözləri ilə desək, “müstəqilliyi əldə etmək nə qədər çətin bir proses olsa da, onu qoruyub saxlamaq daha məsuliyyətli bir işdir”.

Həm də unutmaq olmaz ki, həmin dövrdə Ermənistanın ölkəmizə təcavüzü bir tərəfdən daxili münaqişələr isə digər tərəfdən ölkəni çox çətin vəziyyətə saldı. Belə taleyüklü bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər dövlətimizin və onun simasında dövlətçiliyimizin xilaskarı oldu.

Onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində sonralar uğurla tətbiq edilən islahatlar sayəsində dünyada brendə çevrilən bir respublika qurduq. Son nəticədə xalqımızın mədəni-tarixi yaddaşı özünə qaytarılmaqla milli mənlik şüuru inkişaf etdirildi, azərbaycançılıq məfkurəsi sayəsində müstəqil dövlətçilik təfəkkürü formalaşdırıldı. Bütün bunlar erməni təcavüzünə qarşı mübarizədə gənclərimizin yüksək hərbi vətənpərvərlik ruhunu özünə qaytardı.

Bu gün prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Onun tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkəmizin dövlətçilik tarixində ilk parlamentli respublika olaraq ona yüksək dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı”nın təsis edilməsi də dediklərimizə sübutdur.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində ölkəmiz ərazi bütövlüyünü təmin etdi, xalqımız dünyada mübariz xalq kimi tanındı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edərkən, ölkə Prezidenti bir məsələyə də toxundu ki, “iyirmi üç aydan sonra respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən çox çətindir. 1918-ci ildə qaldırılmış bayrağımızı 1920-ci ildə endirilməsindən sonra onu ilk dəfə rəsmi qaydada Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldıraraq təsbit etmişdir”.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon Nümayəndəsi, Pedaqogika elmləri doktoru, professor Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

Bakıvaxtı.az


SON XƏBƏRLƏR