“Azərbaycan toponimlərin saxtalaşdırılması sovet dövründə həyata keçirilib”.
Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında səsləndirdiyi "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb" sözlərini şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, təkcə Göyçə gölü yox, İrəvan xanlığındakı 14 mahalın hamısı Azərbaycana aid ərazilər olub:
"Orada şəhərlər, kəndlər, dağ-dərələr Azərbaycan mənşəli idi. Çar Rusiyası tərəfindən tərtib olunmuş xəritələrdə indiki Ermənistan adlı ərazidəki bütün adlar Azərbaycan türklərinə məxsusdur. Bəzi erməni müəlliflər də bunu təkzib etməyiblər. Azərbaycan ərazilərinə ermənilər sonradan köçürülüb. Ermənilər 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal ediləndən sonra Şərqi Anadoludan, İrandan köçürülüb. İrəvana, Qarabağa və Naxçıvana yerləşiblər. Bunun ardınca mərhələli şəkildə toponimləri saxtalaşdırıblar”.

Qafar Çaxmaqlı: İrəvan xanlığındakı 14 mahalın hamısı Azərbaycana aid ərazilər olub
Müsahibimiz vurğulayıb ki, Qərbi Azərbaycana qayıtmaq haqqımızdır. Onun sözlərinə görə, dövlətimizin başçısının mesajları mühümdür.
“Biz öz elmi fəaliyyətimizdə, yazdığımız kitablarda türk adlarından istifadə etməliyik. Ermənistan ərazisində ermənilərə aid məkan, yer yoxdur, olmayıb", - deyə Qafar Çaxmaqlı əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, oxəritələrdə Sevan gölü adlı göl yoxdur:
“O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".
Prezident bildirib ki, o xəritələri çar Rusiyası tərtib edib:
"Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik".
İlham Əliyev diqqətə çatdırıb ki, daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır:
"Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".
Aydın Baxış
Bakı 


