Beynəlxalq təşkilatların nüfuzunun sarsıldığı bir dövrdə qlobal idarəetmədə yeni güc mərkəzləri meydana çıxır. Artıq dövlətlərin təsir imkanlarını müəyyən edən amillər dəyişir və liderliyin konturları daha çox texnoloji inkişaf, innovasiya və insan kapitalı üzərində cəmləşir.
Beynəlxalq təşkilatların sarsılması fonunda yeni qlobal liderlik perspektivləri sizcə, hansı istiqamətdə formalaşır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, beynəlxalq təşkilatlar əsasən güclü dövlətlərin təşəbbüsləri nəticəsində yaranır. Buraya xüsusilə ABŞ-ni və bəzi Avropa ölkələrini aid etmək olar. Sovet İttifaqı mövcud olduğu dövrdə də onun bu proseslərdə müəyyən təsiri var idi:
"Hər şey müvəqqəti olduğu kimi, beynəlxalq təşkilatların da ömrü sonsuz deyil. Onlar çox zaman efemer xarakter daşıyırlar. Liderlik isə bilavasitə faydalılıq dərəcəsi ilə ölçülür. Artıq ölkənin böyük əraziyə və ya çoxsaylı əhaliyə sahib olması həlledici amil deyil. Məsələn, ABŞ kimi nəhəng və güclü dövlətlə yanaşı, texnoloji baxımdan ən son sözünü deyən, hətta süni adalar yaradan kiçik bir ölkə - Sinqapur da var".
Politoloqun sözlərinə görə, bu, onu göstərir ki, kəmiyyət göstəriciləri getdikcə keyfiyyətin qarşısında geri çəkilir və müasir dövrün əsas üstünlüyü texnologiyalar, innovasiyalar, süni intellekt və koqnitiv imkanlardır. Məhz bu sahələrdə irəlidə olan ölkələr beynəlxalq təşkilatlarla bağlı proseslərə də daha təsirli şəkildə yön verir:
"Burada ən vacib amillər iş qabiliyyəti, yeni kəşflər, cəmiyyətə təqdim olunan üstün imkanlar və insan beyninin yaratdığı innovasiyalardır. Ona görə də gələcəkdə ərazi və əhali kimi parametrlər müəyyən qədər əhəmiyyətini itirəcək, onların yerini keyfiyyət əmsalları tutacaq".

Tofiq Abbasov: Gələcək inkişafın əsas determinantı insan kapitalı olacaq
Ekspert qeyd edir ki, gənc nəsildən böyük gözləntilər var. Dünyanın müxtəlif bölgələrində insanlar elə yeniliklər icad edir ki, cəmiyyətin inkişaf trayektoriyasını dəyişdirirlər. Bütün bu proseslər onu göstərir ki, beynəlxalq təşkilatlar mövcud olsa da, olmasa da, əsas həlledici amil insan zəkası və koqnitiv imkanlardır:
"BMT, ÜTT, Səhiyyə Təşkilatı kimi qurumlar da əslində süni surətdə yaradılmış strukturlardır. Onların qarşısında duran əsas missiya isə müəyyən dövlətlərin maraqlarını təmin etmək, beynəlxalq aləmdə üstünlük qazandırmaqdır. Bu qurumların fəaliyyəti çox zaman obyektivlikdən uzaq olur və ayrı-ayrı dairələr üçün xüsusi üstünlüklər formalaşdırır".
T.Abbasovun fikrincə, gələcək inkişafın əsas determinantı insan kapitalı olacaq. O bildirir ki, İnsan təkbaşına böyük nəzəriyyələr yaradır, ixtiralar edir və zamanın inkişaf ritmini dəyişə bilir. Xəyal belə etmədiyimiz texnologiyalar bu gün gerçəkliyə çevrilirsə, bu, insan ağlının nəticəsidir.
"Süni intellekt də daxil olmaqla bütün sahələrin əsasında yenə də insan beyninin yaradıcılığı dayanır. Bu üstünlüyə bərabər ola biləcək ikinci bir amil yoxdur".
Zeynəb Rzayeva
Bakı 



