2024-2025-ci illər ərzində Ermənistanda müşahidə olunan siyasi gərginlik fonunda insan haqlarının pozulması, müxalifətin sıradan çıxarılması və media azadlığına qarşı təzyiqlər daha da artıb.
Son aylarda aparılan həbslər və təqiblər ölkədə avtoritar meyillərin gücləndiyini, siyasi sistemin isə balans və nəzarət mexanizmlərini itirdiyini göstərir. Xüsusilə, bir sıra müstəqil jurnalist və media fəalının saxlanılması, onların fəaliyyətinin “dövlət təhlükəsizliyinə təhdid” kimi təqdim olunması siyasi motivli proseslərin mövcudluğuna dəlalət edir. Bu hadisələr Ermənistan hakimiyyətinin tənqidi səsləri aradan qaldırmağa çalışdığını və informasiya mühitini tam nəzarətə almaq niyyəti güddüyünü ortaya qoyur.
Müxalifət düşərgəsinə qarşı tətbiq edilən repressiv addımlar daha açıq şəkildə özünü göstərir. Kilsə ilə bağlı olaylardan sonra bir neçə yüksək rütbəli dini rəsminin və fəalın “hakimiyyəti qəsb etməyə çağırış” ittihamı ilə həbsi ölkədə dövlət-kilsə münasibətlərinin dərin siyasi qarşıdurmaya çevrildiyini göstərdi. Eyni dövrdə tanınmış müxalifət liderləri və sosial narazılıqları səsləndirən vətəndaş fəalları müxtəlif ittihamlarla saxlanılıb və uzunmüddətli araşdırmalara cəlb ediliblər. Bütün bunlar hakimiyyətin siyasi rəqibləri neytrallaşdırmaq üçün hüquqi mexanizmlərdən alət kimi istifadə etdiyini göstərir.
Bu proseslər fonunda daha ciddi olan məqam Qərbin, xüsusilə də Avropa İttifaqının susqunluğudur. Demokratik dəyərləri prioritet kimi təqdim edən Avropa strukturlarının Ermənistan hakimiyyətinin avtoritar meyillərinə adekvat reaksiya verməməsi siyasi situasiyanı daha da ağırlaşdırır. Bunun səbəbi kimi Brüsselin Ermənistanı regionda Rusiyadan uzaqlaşdırmağa çalışan geosiyasi prioritetləri göstərilir.
Nəticədə, siyasi repressiyalar, media üzərinə təzyiq, dini institutlara qarşı sərt addımlar və vətəndaş azadlıqlarının məhdudlaşdırılması fonunda Ermənistan cəmiyyəti özünü daha təcrid olunmuş və basqı altında hiss edir.
Bu mənzərə həm demokratiya, həm də regional sabitlik baxımından ciddi suallar yaradır.
Züriyə Qarayeva
Bakı 



