• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Təbiətin məhvi sürətlənir: Azərbaycanda ekoloji vəziyyət necədir?

LAYİHƏ

27 Avqust 2026 | 15:30

Təbiətin məhvi sürətlənir: Azərbaycanda ekoloji vəziyyət necədir?

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Məlumdur ki, insan cəmiyyəti inkişaf etdikcə və insanların sayı artdıqca, ətraf mühitə olan təsirlər də artır. 

Bakıvaxtı.az bildirir ki, bu artım və həmin artımın qarşısının alınmaması isə ətraf mühitin getdikcə daha artıq dərəcədə çirklənməsinə gətirib çıxara bilər. Bu gün istehsal sahələrinin, zavod və fabriklərin durmadan artması günümüzün reallığıdır və bu fonda atmosferə zərərli qazların buraxılması mənfi təsirini göstərməkdədir. Ona görə də təbii sərvətlərdən lazımi şəkildə, rasional istifadə edilməsi ekoloji tarazlığın qorunub saxlanması baxımından qaçılmazdır. Hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların, vurulan ziyanın minimuma endirilməsi ən vacib məsələdir.     

Elə ölkəmizdə də ekologiyanın, ətraf mühitin mühafizəsi ən aktual məsələlərdən sayılır. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi şəkildə diqqət və qayğı göstərir. Məhz ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. 

Ölkəmizdə ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də Milli Parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir.

Maraqlıdır ki, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində əlavə olaraq hansı addımların atılmasına ehtiyac var? 

Mövzu ilə bağlı ekoloq Sevil Yüzbaşayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin, xüsusən sənayenin sürətli inkişafı, insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması, təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qlobal problemə çevrilib.

Onun sözlərinə görə, Azərbaycanda təbiətin mühafizəsi və ətraf mühitin qorunması Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tabeliyindədir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti həyata keçirilir. Bu, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir:

"Ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi, biomüxtəlifliyin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, dövlət siyasətinin prioritet istiqamətlərinə çevirib. Bu məqsədə çatmaq və həyata keçirtmək üçün "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ aktlar qəbul edilib. Azərbaycan Respublikası qonşu ölkələrdən fərqli olaraq, bir sıra beynəlxalq konvensiyalara  da qoşulub və götürdüyü öhdəlikləri həyata keçirir. Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət Proqramı”nın və “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihələri hazırlanır".  

Dünyanı narahat edən qlobal problemlərdən birinin də iqlim dəyişmələri olduğunu qeyd edən ekoloq hesab edir ki, iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyəti getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. 

"Azərbaycan dövləti milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə öz töhfəsini müxtəlif tədbirlər həyata keçirtməklə verir. Ekoloji tarazlığı, ətraf mühitin təhlükəsizliyini təmin etmək və insanların təmiz havaya olan ehtiyacını ödəmək məqsədilə ölkə ərazisində meşələrin mühafizəsi fəaliyyətləri və genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü  olub. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Azərbaycanda hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Narahatlıq doğuran haldır ki, yüz il əvvəl Yer kürəsinin quru hissəsinin 60 faizi meşə ilə örtüldüyü halda, indi bu rəqəm 30 faizə enib", - deyə o, əlavə edib.

S. Yüzbaşayeva onu da vurğulayıb ki, planetdə hər dəqiqədə 44 hektar torpaq deqradasiyaya uğrayır, o cümlədən şum altında olan torpaqlar 10-19 hektar azalır:

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində ümumilikdə 14 Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) yaradılıb. Meşə Təsərrüfatı Mərkəzi tərəfindən meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılması işıəri həyata keçirilir. Ölkə ərazisində ciddi şəkildə yaşıllaşdırma işləri də aparılır. Yaşıllaşdırma ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və yaşılıqların məhv edilməsi  hallarının olması yol verilməzdir.  Çox təəssüf ki, hər gün yaşılıqların məhvi ilə bağlı xəbərlər də alırıq. 

Təqdirə layiq haldır ki, ölkəmizdə magistral asfalt yol kənarlarının yaşıllaşdırılması, təbiətin qorunması, fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi və bərpası istiqamətində fəaliyyətlər həyata keçirilir ki, bunu sübut etməyə ehtiyac yoxdur və istəyən hər kəs gözü ilə görə bilər. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC yaradılıb. Bu cəmiyyət magistral yolların ətrafının yaşıllaşdırılması ilə məşğul olur. Cəmiyyətin tabeliyində 12-dən çox regional Yaşıllaşdırma İdarəsi fəaliyyət göstərir. Mən bu yaşıllaşdırma idarələrinin bir neçəsinin fəaliyyətini də araşdırmışam. Meşələrin mühafizəsi və yaşıllaşdırma işlərinin aparılmasının ən böyük əhəmiyyəti isə səhralaşma prosesinin qarşısının alınmasıdır".     

Səhralaşmanın həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində Yer kürəsinin quraq, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyası olduğunu qeyd edən ekoloq bildirib ki, səhralaşma iqlim dəyişikliyinin kompensasiya edilməsi çətin olan nəticələrindən biridir.

"Çünki arid zonada bir şərti santimetr münbit torpaq örtüyünün bərpası üçün orta hesabla 70-150 il vaxt lazımdır. Səhralaşma, əsasən torpaq məhsuldarlığının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar deqradasiya prosesləri nəticəsində səhra şəraitinin inkişaf etdiyi prosesdir. Səhralaşmaya ən həssas ərazilər arid, subarid və quru iqlim şəraiti olan, insan və heyvan fəaliyyətinə, eləcə də iqlim dəyişikliyinə çox həssas olan bölgələr daxildir. Bu zaman torpaqlar eroziyaya uğrayaraq şoranlaşır, nəm saxlamaq qabiliyyətini itirir, yeraltı suların səviyyəsi aşağı düşür, bitki örtüyü azalır və ya tamamilə yox olur. Səhralaşma torpağın münbitliyinin itməsinə səbəb olur. Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Azərbaycanda müasir dövrdə səhralaşmaya məruz qalan ərazilərin potensial sahəsi 5 mln. ha-dan artıqdır. Səhralaşma prosesinin yaranma səbəblərinə əkilən torpaqların sistemsiz suvarılıb becərilməsi, tuqay, tarla qoruyucu və yolkənarı meşə zolaqlarının məhvi və s. səbəb olur.

Dünyada əhalinin sayının artması, enerji resurslarından istifadəni də artırıb. Bu da təbii sərvətlərin azalmasına, təbiətin ciddi çirklənməsinə səbəb olub. Əgər uzun müddət belə davam edərsə, çirklənmələr, ətraf mühitin məhv olmasına gətirib çıxardacaq, nəticədə yer üzündə canlı aləmi məhv olacaq", - deyə ekoloq izah edib.

Müsahibimizin fikrincə, ənənəvi enerji resurslarından insanların artan təlabatını ödəmək üçün fasiləsiz istifadə edilməsi, onların nə zamansa tükənməsinə gətirib çıxardacaq. Təbii resurların emalı nəticəsində ətraf mühitə ziyan vurulur. Bunun da nəticəsində iqlim dəyişikliklərinin getdikcə sürətlənməsi baş verməkdədir. Əsas günahkar isə insanlardır. Hələ səhvlərimizi düzəltmək üçün gec deyil:

"Insanların bunun qarşısını almaq üçün hələ də vaxtları var. Hər bir dövlət, hər bir hökümət, eləcə də hər kəs öz töhfəsini verməli, təbiəti qorumaq üçün əlindən gələni etməlidir. Son illərdə dünyanın inkişaf etmiş ölkələrinin hökumətləri öz siyasətlərini, davamlı inkişafı təmin etmək məqsədi ilə təbiətə minimum ziyan vurmaqla ondan istifadə etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafında əsas məqsədi, gələcək nəsillərin mənafeyini qorumaq, ətraf mühitə ziyan vurmadan, mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Təbii resurslardan istifadə edərkən tək müasir dünyanın insanlarının tələbatı  deyil, eyni zamanda gələcək nəsillərin ehtiyacları da nəzərə alınmalıdır. 

Ətraf mühitin qorunması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini Azərbaycan üçün prioritet elan edib. Azərbaycanda elektrik enerjisi istehsalı sahəsində “Alternativ və bərpa olunan enerji mənbələri”nin tətbiq edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirməkdədir. Onu da qeyd edim ki, mən bir sıra  BOEM müəssisələrin də olmuşam və onların fəaliyyəti ilə yaxından tanış olmuşam. Son illər Azərbaycan höküməti də alternativ enerji mənbələrindən istifadəni genişləndirmək, qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çalışır. Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və yəqin ki, gələcəkdə onlar, ətraf mühit üçün zərərli təsirlərə malik atom elektrik stansiyalarını əvəz edə biləcək. Bu səbəbdən də ölkələrin hökümətləri, enerji təhlükəsizliklərini və davamlı enerji siyasətini təmin etmək üçün alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasını qarşılarına məqsəd qoyublar və ciddi fəaliyyətlər həyata keçirməkdədirlər". 

Sevil Yüzbaşayeva vurğulayıb ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, bio-kütlə enerjisi) geniş istifadə olunur. Bərpa olunan enerji növlərinin tətbiq edilməsi, ətraf mühitin sağlamlaşmasına kömək edir.

"Təbii qaz və su mənbələri ilə müqayisədə külək və günəş enerjisi hesabına elektrik enerjisinin istehsalı zamanı ətraf mühitə atılan tullantı (CO2 – karbon-dioksid) səviyyəsinin aşağı olması ölkənin enerji istehsalında ekoloji baxımdan üstün hal kimi qiymətləndirilir. Dünyada bərpa olunan enerjiyə keçid bir çox ölkələrdə kömürdən istifadəni azaldaraq havaya atılan çirkli tullantıların azalmasına səbəb olur və ekologiyaya böyük fayda verir. Buna görə də iqlim şəraitindən, potensialından asılı olaraq ölkələr geotermal mənbələr, günəş, külək, biokütlə və s. kimi təbiətdə daim baş verən proseslərdən istifadə edərək enerji alırlar. Ətraf mühitin çirklənməsi problemi mürəkkəb olduğu qədər həm də çox ciddidir. Uzun illər gələcəkdə nəticəsinin nə olacağını düşünmədən, təbiətə qarşı apardığımız bu məhvedici müharibə, bütövlükdə canlı aləmin gələcək varlığını şübhə altına qoyub. Təbiətə qarşı olan bu sonsuz təzyiqlər, bioloji müxtəlifliyin itirilməsinə, ətraf mühitin çirklənməsinə gətirib çıxarıb. Sputnik və aeroçəkilişlərdən aparılan müşahidələr nəticəsində əldə edilən məlumatlara əsaslanaraq, alimlər deyir ki, dəniz və okeanların 1/3 hissəsinin səthi nazik əlvan örtük ilə örtülüb. Bu örtük nəticəsində dünya okeanı suyunun buxarlanması 60% aşağı düşüb", - deyə müsahibimiz izah edib.

Son olaraq ətraf mühitin mühafizəsində dövlət qurumları ilə yanaşı, cəmiyyətin və hər bir fərdin rolunun həlledici olduğunu qeyd edən ekoloq vurğulayıb ki, ekoloji problemlərin böyük hissəsi gündəlik insan fəaliyyətinin nəticəsidir:

"Məişət tullantıları sahəsindəki, problemlər olduqca ciddidir və öz həllini gözləyir. Bu, tək cəmiyyətin problemi deyil və bu işlə dövlət qurumları da üzərlərinə düşəni etməlidir. Baxmayaraq ki, ölkəmizdə tullantıların emalı zavodu fəaliyyət göstərir. Ölkə ərazisi bir tullantı poliqonuna çevrilib. Düşünürəm ki, cəmiyyətin üzərinə düşən mühüm vəzifə mariflənmək, ekoloji mədəniyyəti yüksəltməkdir. Digər problemlər o zaman həlini tapacaq. Ekoloji problemlərin öz həllini tapmasını istəyiriksə, bu işlə hər kəs məşğul olmalıdır".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026