“Ruki Vverx!” qrupunun solisti Sergey Jukov Rusiyanın ən varlı sənətçisi hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu prodüser və konsert təşkilatçısı Sergey Lavrov açıqlayıb.
Onun sözlərinə görə, Jukov hər konsertdən ən azı 50 milyon rubl (təxminən 1 milyon 13 min manat) gəlir əldə edir. Lakin qrupun konsertlərinin təşkili də kifayət qədər böyük xərc tələb edir.
“Ruki Vverx!”ın hər şəhərdə dekorasiya, səs və işıq sistemlərinə təxminən 30 milyon rubl xərclədiyi bildirilir.
Sergey Lavrov Rusiyanın ən yüksək qonorar alan sənətçiləri sırasında müğənni Nadejda Kadışevanın da adını çəkib. Onun sözlərinə görə, ifaçı bir çıxış üçün 20 milyon rubla qədər qonorar alır.
Sergey Jukov musiqidən əlavə biznes fəaliyyəti ilə də məşğuldur. Onun restoran sektorunda və daşınmaz əmlaka investisiya sahəsində layihələri var. Sənətçinin şirniyyat dükanları şəbəkəsi və öz prodüser mərkəzi fəaliyyət göstərir.
2022-ci ildə Jukov Kareliyada çiyələk yetişdirilməsi ilə məşğul olan şirkətin həmtəsisçilərindən biri olub.
Müğənni 2024-cü ilin oktyabrında biznesə başlamasının səbəbini də açıqlayıb. Jukov bildirib ki, ailəsi və övladları olan yetkin insan kimi gələcəyinin daha stabil olmasını istəyir.




