Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hökumət son illərdə ölkənin Silahlı Qüvvələrində xidmət edən hərbçilərin sayı barədə NATO-ya şişirdilmiş məlumatlar təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, Macarıstan Müdafiə Nazirliyinin məlumatına görə, Peter Magyarın rəhbərlik etdiyi yeni hökumət hakimiyyətə gəldikdən sonra hərbi qulluqçuların sayı ilə bağlı göstəricilər yenidən nəzərdən keçirilib.
Bildirilib ki, 2023-cü ildə Macarıstan Müdafiə Nazirliyi NATO-ya ölkədə 20,1 min hərbi qulluqçunun xidmət etdiyini açıqlayıb. Bu göstərici 2026-cı ilə qədər dəyişdirilməyib.
Lakin nazirliyin yeni rəhbərliyi müəyyən edib ki, 2023-cü ildə Macarıstan Silahlı Qüvvələrində əslində 17,6 min əsgər və zabit xidmət edib.
Bununla əlaqədar 2024 və 2025-ci illərə aid göstəricilər də yenidən hesablanıb. Nazirliyin hazırkı məlumatlarına əsasən, 2026-cı ildə Macarıstan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 20,6 min nəfər təşkil edir.
Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, 2023-cü ildə əvvəlki rəhbərliyin başladığı “gəncləşdirmə” prosesi nəticəsində nazirliyin və Silahlı Qüvvələrin əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Həmçinin həmin il hərbi hospitalın Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi də şəxsi heyətin sayına təsir göstərib.
Qeyd edək ki, Silahlı Qüvvələrin şəxsi heyətinin artırılması uzun illər Viktor Orban hökumətinin əsas hədəflərindən biri olub.
2018-ci ildə Macarıstan parlamenti peşəkar hərbçilərin və müqavilə əsasında xidmət edənlərin sayının yuxarı həddini 37 650 nəfər müəyyən edib. Lakin bu göstəriciyə nail olmaq mümkün olmayıb.
















