• Bakı 11° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Çin-Fransa strateji yaxınlaşması və Qlobal güc nizamının yeni konturları

SİYASƏT

04 Dekabr 2025 | 16:36

Çin-Fransa strateji yaxınlaşması və Qlobal güc nizamının yeni konturları

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Fransa Orezudentu Emmanuel Makronla Pekində keçirdiyi görüş həm Çin–Fransa münasibətlərinin yeni mərhələyə daxil olmasını, həm də qlobal geosiyasətdə baş verən dərin dəyişiklikləri əks etdirir.

Dünyanın “yol ayrıcı”nda olduğunu vurğulayan Çin lideri bu məqamda Pekinlə Parisin məsuliyyətli davranmasının vacibliyini dilə gətirdi. Bu mesajlar təsadüfi deyil: çoxqütblü sistemin formalaşması sürətlənir, ABŞ-Avropa münasibətləri dəyişir, Çin isə Avropa daxilində daha sabit, balanslı tərəfdaşlıq axtarır.

Fransa da öz növbəsində klassik transatlantik xəttə alternativ kimi “strateji muxtariyyət” ideyasını gücləndirməyə çalışır. Belə bir şəraitdə Çin–Fransa yaxınlaşması təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropa–Asiya qarşılıqlı əlaqələri, qlobal iqtisadi dinamika və siyasi güc balansları üçün müəyyənedici rol oynaya bilər.

Bakıvaxtı.az politoloq Züriyə Qarayeva ilə bu proseslərin mümkün nəticələrini daha dərindən təhlil edib.

Onun sözlərinə görə,  Çin və Fransanın yaxınlaşması ilk növbədə ABŞ-nin qlobal təsir dairəsində yeni balans yaradır və Avropanın Çinlə daha sərbəst dialoq imkanını genişləndirir. Paris Pekinlə iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı artırmaqla Avropa İttifaqı daxilində “müstəqil aktor” statusunu gücləndirir və bu, Vaşinqtonun siyasətinə qarşı yeni manevr sahəsi yaradır:

“Çin isə Fransa vasitəsilə Avropanın mərkəzinə daha yumşaq və legitim giriş əldə edir, bu da geosiyasi təsirini birbaşa deyil, dolayı yollarla artırır. Bu yaxınlaşmanın gizli mexanizmlərindən biri də enerji, yaşıl texnologiyalar və yüksək səviyyəli sənaye əməkdaşlığının geosiyasi təsir gücünü artırmasıdır”.

Müsahibimiz deyib ki, digər mühüm faktor Pekinlə Parisin qlobal təşkilatlarda, xüsusilə, BMT və G20 platformalarında daha koordinasiyalı mövqe sərgiləmək potensialıdır. Nəticədə, çoxqütblü nizamda həm siyasi, həm iqtisadi çəkilər dəyişir, həm də Avropanın strateji qərarlarında yeni dinamika yaranır.

Politoloq hesab edir ki, Si Cinpin-Makron görüşü Avropa-Çin münasibətlərində gərginlik dövründən dialoq mərhələsinə keçidin mümkün siqnalı kimi qiymətləndirilə bilər. Avropa İttifaqı son illərdə ticarət blokları, texnologiya məhdudiyyətləri və təhlükəsizlik narahatlıqları səbəbindən Çinə qarşı sərt mövqe tutsa da, Fransa bu kursu yumşaltmaq üçün yeni vasitəçi rolunu gücləndirir. Enerji təhlükəsizliyi, iqlim məsələləri və süni intellekt kimi sahələrdə sektorlar üzrə əməkdaşlıq formatlarının yenilənməsi gözlənilir:

“Makronun “strateji muxtariyyət” xətti Avropanın Çinlə münasibətlərində daha balanslı və qarşılıqlı faydalı çərçivə qurmasına imkan yarada bilər. Bu görüş həm də Avropanın Çinə qarşı vahid siyasət formalaşdırmaqda çətinlik çəkdiyini göstərir və Fransa bu boşluğu öz diplomatik aktivliyi ilə doldurmağa çalışır. Ümumilikdə isə görüş tərəflər arasında daha proqnozlaşdırıla bilən siyasi dialoqun əsasını qoya bilər”.

Züriyə Qarayeva: Çin Fransa vasitəsilə Avropanın mərkəzinə daha yumşaq və legitim giriş əldə edir ki, bu da...

Z.Qarayeva bildirib ki, Çin-Fransa əməkdaşlığının artması Avropa-Asiya əlaqələrini daha çox koordinasiya edilmiş, az gərginlikli və iqtisadi baxımdan daha inteqrativ bir istiqamətə yönəldə bilər. Dediyinə görə, Fransa bu prosesdə Avropanın səsini Asiyada daha aydın şəkildə çatdıran vasitəçi aktora çevrilir, bu isə Avropa ölkələrinin regionda təkcə ABŞ siyasətinin davamı kimi görünməsinin qarşısını alır:

Çinin Fransa ilə tərəfdaşlığı həm Orta Dəhliz, həm də Yeni İpək Yolu kimi layihələrə Avropa dəstəyinin artması üçün yeni imkan yaradır. Bu yaxınlaşma həmçinin Avropa şirkətlərinin Asiya bazarlarına girişini asanlaşdıra, texnologiya və investisiya axınında daha dinamik əməkdaşlıq doğura bilər. Siyasi planda isə Avropa–Asiya münasibətlərinin daha çox rəqabət yox, balanslaşdırılmış dialoq üzərində qurulması ehtimalı güclənir”.

Həmsöhbətimiz vurğulayıb ki, beləliklə, tərəflər arasında yaranan yeni sinxronizasiya qlobal nizamda daha çox çoxmərkəzli əməkdaşlığın formalaşmasına təkan verə bilər.

“Paris və Pekin arasındakı yaxınlaşma transatlantik münasibətlərdə müəyyən narahatlıqlar yarada bilər, çünki ABŞ uzun illərdir Avropanın Çin siyasətində sərt və vahid yanaşma görmək istəyir. Fransa isə bu istiqamətdə daha müstəqil mövqe nümayiş etdirməklə Avropanın təhlükəsizlik məsələlərində tam şəkildə ABŞ-dən asılı olmamasını önə çəkir”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, bununla belə, bu əməkdaşlıq ABŞ-nin Avropa ilə rəqabətini deyil, daha çox qarşılıqlı asılılıq çərçivəsini gücləndirə bilər, xüsusilə də enerji və müdafiə sənayesi sahələrində. Çinin Avropaya yumşaq iqtisadi nüfuzunun artması ABŞ-nin strateji planlamasında Avropanı yenidən prioritetləşdirməsinə səbəb ola bilər. Eyni zamanda, Fransa ABŞ-yə göstərməklə çalışır ki, Avropanın Çinlə əlaqələri tamamilə kəsilə bilməz və qitə öz real maraqlarını nəzərə almalıdır: “Nəticədə, Çin–Fransa yaxınlaşması ABŞ-Avropa xəttində açıq qarşıdurma yaratmasa da, münasibətlərdə ton dəyişikliklərinə yol aça bilər”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR