• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İrəvan hökumətinə başa salındı ki, ermənilər 4 kəndi qaytarmasa…

SİYASƏT

22 Aprel 2024 | 15:38

İrəvan hökumətinə başa salındı ki, ermənilər 4 kəndi qaytarmasa…

"Artıq Azərbaycanın üçrəngli bayrağı Qazaxın işğaldan azad edilmiş kəndlərində də dalğalanacaq. Bunun tarixi əhəmiyyəti ondadır ki, ermənilər Qərb dairələri tərəfindən təhrik olunsalar da, anladılar ki, onların çıxış yolu yoxdur".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Analitik vurğulayıb ki, Qazaxın 4 kəndinin qaytarılmasını ermənilər istəmirdirlər:

"Ermənilərin kəndləri xoşluqla qaytarmaq niyyətləri yox idi. Nə Ermənistan hakimiyyətinin, nə də Tavuş bölgəsində yaşayan ermənilərin belə bir niyyəti vardı. Son proseslər və bəyanatlar da bunu göstərir. Amma nə baş verdi? Azərbaycan və Ermənistan arasında gedən ikitərəfli görüşlərdə İrəvan hökumətinə başa salındı ki, ermənilər 4 kəndi qaytarmazsa, Azərbaycan həmin kəndlərin necə alınacağını onlara göstərəcək. Azərbaycan dövləti və Ordumuz hər bir qarış torpağımız uğrunda mübarizəyə hazırdır. 44 günlük müharibə ərəfəsində cənab Prezident dəfələrlə qeyd edirdi ki, Azərbaycan bir millimetr torpağını da heç kimə verməyəcək. Bu, çox mühüm amildir”.

Onun sözlərinə görə, tariximizə nəzər saldıqda görürük ki, müəyyən dövrlərdə ərazilərimizin mübadiləsi baş verir, kimlərsə kiməsə torpağımızı pay verirdi:

“Amma Azərbaycan Prezidenti göstərdi ki, torpaqdan pay olmaz. Çünki hər qarış torpağımızda Azərbaycan tarixi, mədəniyyəti var. Bizim olanı kimdəsə saxlamaq yolverilməzdir. Üçtərəfli bəyanatdan sonra Azərbaycan dayanmadı, fürsətdən, vaxtdan lazımi qaydada istifadə etdi. Əsas prioritetlərdən biri də məhz kəndlərin qaytarılması idi".

Zaur Məmmədov: 4 kəndin Azərbaycana qaytarılması həm də strateji, siyasi-iqtisadi zəmində təhlil edilməlidir

Ekspert diqqətə çatdırıb ki, delimitasiya və demarkasiya prosesi ilə bağlı Azərbaycan-Ermənistan arasında mütəmadi görüşlər keçirilir:

"Bu görüşlərdə sərhədlərin hansı xəritələr əsasında müəyyənləşməsi məsələsi tərəflər arasında müzakirə predmetidir və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb. Belə olan təqdirdə 4 kəndlə bağlı Ermənistanın belə bir qərar verməsi Prezident İlham Əliyevin iradəsi, siyasəti və prinsipiallığı nəticəsində müyəssər olub. Ermənistan hakimiyyəti başa düşdü ki, Azərbaycan Prezidentinin dediklərini etməzsə, tələblərini yerinə yetirməzsə, onu daha böyük məğlubiyyət gözləyə bilər. Beləcə biz növbəti qələbəmizi əldə etdik”.

Müsahibimiz qeyd edib ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması həm də strateji, siyasi-iqtisadi zəmində təhlil edilməlidir:

“Unutmayaq ki, Ermənistanın Gürcüstan, Rusiya və Qara dəniz istiqamətindəki marşrut xətləri, kommunikasiya xətləri məhz həmin kəndlərdən keçir. Azərbaycan sərhədçilərinin 4 kəndimizə qayıtması həmin ərazilərin tamamilə nəzarətimizdə olması deməkdir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması barədə razılıq əldə olunub. Həmçinin, sərhədlərin müəyyənləşməsinin 1991-ci ildə imzalanmış Almatı bəyannaməsinə uyğun həyata keçirilməsi barədə anlaşma imzalanıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 May 2024