• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İlham Əliyevin Moskva səfəri: Azərbaycan-Rusiya arasında yeni səviyyə, əməkdaşlıq fəaliyyətləri

SİYASƏT

22 Aprel 2024 | 16:00

İlham Əliyevin Moskva səfəri: Azərbaycan-Rusiya arasında yeni səviyyə, əməkdaşlıq fəaliyyətləri

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfərə gedib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Liderlərin ikitərəfli münasibətlər və regional məsələlər daxil olmaqla bir çox mövzuda müzakirələr aparacağı bildirilir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan Rusiya Federasiyasının dostu və tərəfdaşıdır. Onun sözlərinə görə, Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üçün böyük potensiala və münasibətləri inkişaf etdirmək istəyinə malikdir: “Bu, bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir və bizim çoxlu ortaq maraqlarımız var, bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hər cür davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”.

Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, məhz indiki məqamda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çox əlamətdar hadisədir.

Ekspertin sözlərinə görə, Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı vaxtından əvvəl tərk etdi:

"Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəl tərk etməsi 2020-ci ildən bu yana ictimaiyyəti qıcıqlandıran, narazılığa səbəb olan məqama son qoydu. Rusiya çox yaxşı başa düşürdü ki, silahlı qüvvələri zaman-zaman ciddi qınaq obyektinə çevrilir. Rusiya dövlət başçısı Vladimr Putin Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu, Cənubi Qafqazda ən güvəndiyi müttəfiqin Azərbaycan olduğunu göstərdi”.

Müsahibimiz qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Moskvaya səfəri Rusiyanın inkişafında çox böyük önəmi olan Baykal-Amur magistralının tikintisinin 50 illiyinə təsadüf edir. Məhz Vladimir Putin dövlət başçısı İlham Əliyevi Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etməyi xahiş edib.

Fuad Abbasov: İndiki məqamda Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri çox əlamətdar hadisədir

Analitik diqqətə çatdırıb ki, bununla da Azərbaycan-Rusiya arasında yeni səviyyə, əməkdaşlıq fəaliyyətləri başlayır:

"Əlbəttə ki, əməkdaşlıq fəaliyyətləri Qərbə, Fransaya yönəlmiş Ermənistana heç də sərf etmir. Rusiyanın "Kommersant" qəzetinin verdiyi məlumata görə, Azərbaycan Prezidentindən sonra Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcək. Paşinyanın qarşısında hansı tələblər, məqsədlər qoyulacaq, onu zaman göstərəcək. Amma bir məsələni vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması və digər regional proseslərin reallaşması Azərbaycanın uğurlu diplomatiyası ilə bərabər, həm də Moskvanın loyal yanaşması ilə əlaqəlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR