• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Nəzarətli eskalasiya: ABŞ strategiyası, NATO-nun çəkilməsi və İranın zəiflədilməsi xətti

CƏMİYYƏT

18 Mart 2026 | 16:27

Nəzarətli eskalasiya: ABŞ strategiyası, NATO-nun çəkilməsi və İranın zəiflədilməsi xətti

Donald Trampın son açıqlamalarından və paralel baş verən hadisələrdən görünür ki, Yaxın Şərqdə formalaşan yeni vəziyyət artıq klassik müharibə ssenarisindən çox, nəzarətli və mərhələli eskalasiya modelinə əsaslanır. Bu modeldə əsas diqqət birbaşa genişmiqyaslı toqquşmaya deyil, qarşı tərəfin sistemli şəkildə zəiflədilməsinə yönəlir.

ABŞ-nin NATO-nun passivliyini qabartması və eyni zamanda onsuz da hərəkət edə biləcəyini vurğulaması göstərir ki, Vaşinqton bu prosesi kollektiv mexanizmlərdən kənarda, daha sərbəst şəkildə idarə etmək istəyir.

NATO-nun prosesdən faktiki kənarda qalması isə təsadüfi deyil. Alyans daxilində İran məsələsinə yanaşma fərqlidir və Avropa ölkələri genişmiqyaslı müharibənin yaratdığı enerji, təhlükəsizlik və miqrasiya risklərini nəzərə alaraq birbaşa iştirakdan yayınır. Bu boşluq isə ABŞ üçün ikiqat üstünlük yaradır: birincisi, hərbi-siyasi qərarları daha sürətli və koordinasiyasız qəbul etmək imkanı, ikincisi isə məsuliyyətin kollektiv deyil, selektiv şəkildə bölüşdürülməsi.

Bu çərçivədə regionda baş verən hadisələr - yüksək rütbəli fiqurların hədəfə alınması, idarəetmə strukturlarına zərbələr və kritik infrastrukturun sıradan çıxarılması bir məqsədə xidmət edir: İranın qərarvermə sistemini sarsıtmaq və onu daxildən qeyri-sabit hala gətirmək. Bu, klassik hərbi qələbədən fərqli olaraq, “idarəetmə iflici” strategiyasıdır. Belə yanaşma bir tərəfdən İranın cavab imkanlarını məhdudlaşdırır, digər tərəfdən isə onu daha çox daxili problemlərlə məşğul olmağa məcbur edir.

Nəticədə formalaşan mənzərə göstərir ki, burada məqsəd İranı dərhal məğlub etmək deyil, onu uzunmüddətli zəifləmə trayektoriyasına salmaqdır. Bu isə həm regionda qüvvələr balansını dəyişmək, həm də enerji və təhlükəsizlik xəttinə nəzarəti saxlamaq üçün daha effektiv hesab olunur. Belə bir modeldə müharibə formal olaraq elan olunmur, lakin faktiki olaraq davam edir və bu, Yaxın Şərqi uzun müddət yüksək gərginlik zonası kimi saxlayır.

Alim Nəsirov


SON XƏBƏRLƏR