"Novruz süfrəsindəki təamlar əsasən faydalı olsa da, həddindən artıq istehlak piylənməyə səbəb olur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, Novruz süfrəsində yer alan çərəzlər və qurudulmuş meyvələr ümumilikdə sağlam qidalar hesab olunur. E.Məmmədov qeyd edib ki, əsas problem bu qidaların həddindən artıq və nəzarətsiz qəbul edilməsidir:
"Ənənəvi olaraq bu şirniyyatlar əvvəlki dövrlərdə daha ölçülü şəkildə istehlak olunurdu. Uşaqlıq dövründə şəkərbura və paxlava uzun müddət ərzində, porsiyalarla yeyilirdi. Bu, əslində düzgün yanaşma idi. Bu şirniyyatların kalori dəyəri kifayət qədər yüksəkdir. Orta hesabla bir ədəd şəkərbura təxminən 300 kilokalori, bir paxlava isə 450-500 kilokalori təşkil edir”.
E.Məmmədov vurğulayıb ki, qəbul edilən kalorinin yandırılması üçün fiziki aktivlik vacibdir: “Məsələn, bir ədəd şəkərburanın verdiyi enerjini sərf etmək üçün təxminən 30 dəqiqə qaçış və ya 40 dəqiqəlik yürüş tələb olunur”.
Həkim əlavə edib ki, bayram günlərində aktiv həyat tərzinə üstünlük verilməlidir: “Hava şəraiti imkan verirsə, daha çox gəzmək, hərəkətdə olmaq tövsiyə edilir. Xüsusilə gəzinti zamanı ünsiyyət qurmaq, aktiv şəkildə hərəkət etmək kalori sərfiyyatını artırır”.
Onun sözlərinə görə, bədən çəkisini sabit saxlamaq üçün əsas prinsip qəbul edilən və sərf olunan enerji arasında balans yaratmaqdır: “Yediyimiz hər kilokalorini nəzərə almalı və onu fiziki aktivliklə kompensasiya etməliyik”.
Zeynəb Rzayeva
Bakı 




