"Bayramdan sonra ən çox müraciət edənlər mədə-bağırsaq problemləri yaşayan pasiyentlər olur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, konkret statistika aparılsa da, gündəlik iş həcminə əsasən müşahidə olunur ki, bayramlardan sonra xəstə müraciətlərində artım qeydə alınır. E.Məmmədov qeyd edib ki, bunun əsas səbəblərindən biri insanların orucluq dövründə müayinələrdən yayınmasıdır:
"Bir çox insan orucluq müddətində mövcud narahatlıqları idarə etməyə çalışır və həkimə müraciəti bayramdan sonraya saxlayır. Bu da nəticədə müraciətlərin kəskin şəkildə artmasına səbəb olur”.
Həkim bildirib ki, xüsusilə müəyyən xəstə qruplarında kəskinləşmə halları daha çox müşahidə edilir. Öd daşı olan xəstələrdə ağrı tutmaları, xroniki qastriti olanlarda isə kəskinləşmələr daha çox qeydə alınır.
E.Məmmədov əlavə edib ki, bu dövrdə ən çox rast gəlinən problemlərdən biri də ishal hallarıdır:
“Bəzi hallarda bu, mövsümi viral infeksiyalarla bağlı olsa da, əsasən qidalanma pozuntularından qaynaqlanan mədə-bağırsaq problemləri üstünlük təşkil edir”.
Dediyinə görə, bayram günlərində düzgün qidalanmamaq bu cür sağlamlıq problemlərinin artmasına səbəb olur.
Zeynəb Rzayeva
Bakı 




