• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Diplom var, iş yox... - Yanlış ixtisas seçimi gənclərin gələcəyini riskə atır

CƏMİYYƏT

18 Mart 2026 | 13:58

Diplom var, iş yox... - Yanlış ixtisas seçimi gənclərin gələcəyini riskə atır

Bir çox gənc ali təhsil alsa da, ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Bu, əmək bazarında ciddi uyğunsuzluq yaradır.

Bəs, ixtisas üzrə uyğun iş tapmamaq gənclərin karyera perspektivlərinə necə təsir edə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ali təhsil almaq anlayışı həm valideynlərin, həm də abituriyentlərin düşüncəsinə bir növ “məcburi yol” kimi yeridilib. Nə olursa olsun, ali təhsil mütləq olmalıdır kimi yanaşma formalaşıb:

"Halbuki görürük ki, bəzi hallarda ali təhsil müəssisələrinə qəbul imkanları aşağı bal səbəbindən məhdud olur, prestijli ixtisaslara düşmək çətinləşir. Bu zaman gəncə peşə təhsili təklif ediləndə, o, bunu qəbul etmək istəmir və yalnız ali təhsilə yönəlmək istəyir. Hətta bəzən uşağın potensialına uyğun olmayan, gələcək perspektivi zəif olan ixtisas seçilir, amma peşə təhsilinə getmək utanc kimi qəbul olunur.

Eyni zamanda, ölkə daxilində imkanlar məhdud olduqda gənclər Türkiyə, Ukrayna və digər ölkələrə üz tutur. Lakin reallıq ondan ibarətdir ki, attestatla xaricə gedənlərin əhəmiyyətli bir hissəsi ya təhsilini yarımçıq qoyur, ya diplom ala bilmir, ya da aldığı diplomu Azərbaycanda tanıda bilmir. Üstəlik, bu proses ciddi maliyyə xərcləri tələb edir".

Ekspert qeyd edir ki, əgər həmin vəsaitin bir hissəsi ölkə daxilində peşə təhsilinə yönəldilsə, gənc konkret bir sahə üzrə peşəkar mütəxəssis kimi formalaşa bilər. Bu baxımdan valideynlərin də düşüncə tərzində dəyişiklik vacibdir.

Digər bir məqam isə imtahan psixologiyası ilə bağlıdır. Onun sözlərinə görə, Dövlət İmtahanı Mərkəzinin yaratdığı imtahan mühiti cəmiyyətdə müəyyən bir qorxu formalaşdırıb. Bu, artıq məlum məsələdir. Amma bununla yanaşı, valideynlər də yalnız ali təhsil üzərində israr etməməli, real imkanları nəzərə almalıdırlar. Əgər ali təhsil mümkündürsə, əlbəttə, yaxşıdır. Amma mümkün deyilsə, alternativ yolları da qəbul etmək lazımdır:

"Çünki çox vaxt gənclər maraq və qabiliyyətlərinə uyğun olmayan ixtisasları seçirlər. Məsələn, uşaq deyir ki, inşaat mühəndisliyi oxuyacaq, amma bu sahə barədə anlayışı yoxdur və gələcəkdə bu peşə üzrə çalışmaq istəmir. Sadəcə valideyn təzyiqi və ya bal uyğunluğu ilə seçim edir. Nəticədə isə həmin sahədə mütəxəssis kimi formalaşa bilmir.

Bu da gələcəkdə əmək bazarında ciddi problemlərə səbəb olur. Bu gün əmək bazarında kifayət qədər ali təhsil məzunu var, lakin onların bir qismi ixtisasını dərindən bilmədiyi üçün iş tapmaqda çətinlik çəkir. Yəni diplom var, amma real bacarıq yoxdur".

Ramin Nurəliyev: Ali təhsil müəssisələri kadr hazırlığında çox acizdirlər

R.Nurəliyev bildirib ki, işəgötürənlər də məhz buna görə ixtisaslı kadr tapmaqda çətinlik yaşayır və çox zaman xaricdə təhsil almış şəxslərə üstünlük verirlər. Bu isə ali təhsil müəssisələrinin üzərinə də məsuliyyət qoyur. Təəssüf ki, bəzi istisnalar olmaqla, bir çox ali məktəbdə keyfiyyətli kadr hazırlığı yetərli səviyyədə deyil:

"Bu səbəbdən bir neçə istiqamətdə addımlar vacibdir. Bəzilərini çıxmaq şərti ilə ümumilikdə ali təhsil müəssisələri kadr hazırlığında çox acizdirlər. Bu, güclədirilməli, paralel olaraq, valideynlər və abituriyentlər ixtisas seçiminə daha məsuliyyətlə yanaşmalıdırlar.

Elə bir ixtisas seçilməlidir ki, gənc gələcəkdə həmin sahədə həqiqi mütəxəssis kimi formalaşa bilsin. Maraq və həvəs olmayan sahəyə yönəlməyin isə praktik olaraq faydası yoxdur. “Sonra öyrənər” yanaşması çox vaxt özünü doğrultmur".

Müsahibimizin sözlərinə görə, statistik olaraq da görürük ki, bu cür təsadüfi seçimlərin böyük hissəsi uğurlu nəticə vermir. Yalnız az bir qismi sonradan uyğunlaşa bilir, digərləri isə peşəkarlaşa bilmir:

"Bəzən isə abituriyent açıq şəkildə turizm sahəsinə marağı olduğunu deyir, amma valideyn iqtisadiyyat ixtisasını daha “yaxşı” hesab edərək onu məcbur edir. Halbuki uşaq riyaziyyata marağının olmadığını, xarici dillərə üstünlük verdiyini bildirir. Bu cür yanlış yönləndirmələr gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər".

Bu səbəbdən də Ramin Nurəıiyev ixtisas seçimi məsələsində həm valideynlərin, həm də gənclərin daha diqqətli və realist yanaşma sərgiləməli olduqlarını vurğulayıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR