"Sağlam arıqlama sürətli deyil, mərhələli və balanslı şəkildə həyata keçirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, bir çox insan qısa müddətdə çəki atmaq istəsə də, bu yanaşma sağlamlıq üçün risklidir. E.Məmmədov qeyd edib ki, xüsusilə sosial şəbəkələrdə yayılan qeyri-sağlam arıqlama üsulları orqanizmə ciddi zərər verə bilər.
Ekspert vurğulayıb ki, sağlam arıqlama uzunmüddətli və davamlı prosesdir:
“İnsanlar səbirli olmalıdır. Qısa müddətdə əldə edilən nəticələr adətən qalıcı olmur və müxtəlif fəsadlara səbəb olur. Sağlam həyat tərzi seçən insanlar üçün əsas məqsəd ideal bədən çəkisini qorumaqdır. Bu göstərici bədən kütlə indeksi ilə müəyyən edilir. Hər kəs boyuna, yaşına və cinsinə uyğun olaraq öz çəkisinin normal olub-olmadığını hesablaya bilər”.
E.Məmmədov qeyd edib ki, bədən çəkisi normadan artıq olduqda bununla düzgün şəkildə mübarizə aparmaq vacibdir:
“Bu, yalnız qidalanmanın məhdudlaşdırılması ilə deyil, balanslı rasion və fiziki aktivliyin artırılması ilə mümkündür”.
Həkim əlavə edib ki, sağlam qidalanma və aktiv həyat tərzi uzunömürlülüyün əsas şərtlərindən biridir:
“İnsanlar xüsusilə yaş artdıqca sağlamlığın dəyərini daha yaxşı anlayırlar. Ona görə də erkən yaşlardan düzgün vərdişlər formalaşdırmaq lazımdır”.
Onun sözlərinə görə, məqsəd sadəcə arıqlamaq deyil, sağlam və keyfiyyətli həyat sürməkdir.
Zeynəb Rzayeva
Bakı 




