Son dövrlər Azərbaycan-Avropa İttifaqı münasibətlərində ziddiyyətli məqamlar yaşanır. Bir tərəfdən enerji əməkdaşlığı və qaz tədarükü sahəsində tərəfdaşlıq dərinləşir, digər tərəfdən isə Avropa Parlamentində Azərbaycana qarşı qərəzli münasibət sərgilənir.
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Aİ hər zaman Azərbaycanla diktə dilində danışmağa cəhd edib:
"Azərbaycan isə öz sərbəst siyasətinin olduğunu əsas gətirərək Avropa İttifaqına qarşı duruş göstərib. İki eynihüquqlu münasibətlər tələb edib. Aİ ümumbəşəri dəyərləri bəhanə edərək Azərbaycan üzərində təzyiq qurmağa çalışıb. Amma məsələ Azərbaycanın hüquqları olduqda özləri bu dəyərlərin qorunmasında passivlik göstəriblər".

Politoloq: "Bu, Azərbaycanı Aİ-nin daha ciddi təzyiqlərindən qoruyur"
Onun sözlərinə görə, Azərbaycan iqtisadi əlaqələr üzərindən Avropada müəyyən loyallıq yarada bilsə də, ümumən bu, Aİ-nin mənəvi və siyasi maraqları ilə üst-üstə düşməyib. Məsələnin daha çox Ermənistanın maraqları çərçivəsindən və lobbi maraqları naminə qərəzli olduğu açıq şəkildə görünüb.
"Azərbaycan iqtisadi əlaqələrlə Avropada müəyyən loyallıq qursa da, bu, Aİ-nin siyasi maraqları ilə üst-üstə düşməyib. Avropa mentaliteti həmişə özünü yüksək səviyyədən apararaq Ermənistanla xristian həmrəyliyi göstərib. Ermənistanın indiki məqamda Aİ ilə yaxınlaşması Azərbaycan üçün müəyyən risklər yaratsa da, ümumən bu, ciddi təhlükə yaratmaq imkanında deyil. Azərbaycanın dünyada artan nüfuzu bu təhlükəni neytrallaşdırır. Təbii ki, geosiyasi reallıqların dəyişməsi durumunda Azərbaycanın əlində enerji daşıyıcıları kartı var. Bu, Azərbaycanı Aİ-nın daha ciddi təzyiqlərindən qoruyur", - deyə müsahibimiz bildirirb.
A. Qasımovun fikrincə, Aİ-nin Ermənistanla indiki yaxınlaşması fonunda Azərbaycan üçün də müəyyən müsbət məqamlar yarana bilər:
"Azərbaycanın Ermənistana qarşı yürütdüyü sülh siyasəti Aİ-də ölkəmizə qarşı müəyyən müsbət meylləri də artıra bilər. Təbii ki, Aİ-nin qərəzsiz inteqrasiya və ölkədaxili durum tələbləri Azərbaycan üçün də inkişaf üçün durum formalaşdıra bilər".
Gülşən Şərif
















