• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Canlı yayımlar, qısa videolar: Gəncləri nə gözləyir?

CƏMİYYƏT

13 Noyabr 2026 | 14:00 | Müəllif: Gülşən Şərif

Canlı yayımlar, qısa videolar: Gəncləri nə gözləyir?

Son illər "TikTok", "Instagram" və digər sosial platformalar gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusən də sosial platformalarda canlı yayımlara maraq artıb. Mütəxəssislər hesab edirlər ki, qısa videolar, trendə çevrilən çağırışlar və virtual həyat tərzi gənclərin psixologiyasına təsirsiz ötüşmür. 

Bəs virtual həyat tərzi gənclərin real həyatına necə təsir edir? Qısa videoların davamlı izlənməsi gənclərdə diqqət dağınıqlığı və səbirsizlik yaradırmı? Ümumilikdə sosial platformalarda gənclərin aktivliyi bizə nələr qazandıra bilər?

Klinik psixoloq Zəhra Zahidova Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

O bildirib ki, sosial şəbəkələrdə davamlı olaraq başqalarının həyatını izləmək müqayisə mexanizmini gücləndirir:

"Gənclər başqalarının uğurlarını, xarici görünüşünü, münasibətlərini və həyat tərzini öz həyatları ilə müqayisə edirlər. Lakin unudurlar ki, sosial şəbəkələrdə gördükləri həyatın yalnız nümayiş etdirilmək üçün seçilmiş tərəfidir. Bu isə zamanla özünü yetərsiz hiss etməyə, özünəinamın azalmasına və başqalarının təsdiqinə ehtiyacın artmasına səbəb ola bilər".

Onun sözlərinə görə, qısa videoların davamlı izlənməsi də diqqət və səbir mexanizmlərinə təsir edir. Beyin sürətlə dəyişən görüntülərə və tez-tez gələn yeni stimullara alışdıqda, uzun müddət diqqət tələb edən fəaliyyətlər gəncə darıxdırıcı görünə bilər: 

"Kitab oxumaq, dərs hazırlamaq, bir işi sona qədər tamamlamaq çətinləşə bilər. Eyni zamanda, insan hər şeyin tez baş verməsini gözləyir və nəticəni dərhal əldə etmədikdə səbirsizlik göstərə bilir. Bu, birbaşa diqqət pozuntusu demək deyil, lakin həddindən artıq istifadə diqqətin idarə edilməsini çətinləşdirə bilər", - müsahibimiz qeyd edib.

Klinik psixoloq: "Bir işi sona qədər tamamlamaq çətinləşə bilər"

Canlı yayımlara marağın artmasının səbəblərinə də toxunan Z. Zahidova hesab edir ki, bunun arxasında görünmək, diqqət çəkmək, qəbul olunmaq və sosial təsdiq qazanmaq ehtiyacı dayana bilər:

"Bəzi gənclər izləyici sayını, bəyənmələri və şərhləri öz dəyərlərinin göstəricisi kimi qəbul edirlər. Bu zaman sosial şəbəkələrdə gözlədikləri diqqəti görməmək belə onlarda məyusluq və narahatlıq yarada bilər. Sosial platformaların yalnız mənfi tərəflərindən danışmaq da düzgün deyil. Onlar gənclərə bilik əldə etmək, xarici dil öyrənmək, yaradıcılıqlarını nümayiş etdirmək, yeni insanlarla tanış olmaq və özlərini ifadə etmək imkanı verir. Əsas məsələ bu imkanlardan necə istifadə etməkdir".

Klinik psixoloq valideynlərə də çağırış edərək bildirib ki, gənclərə sosial şəbəkələri qadağan etməkdənsə, rəqəmsal özünənəzarət öyrədilməlidir. Valideynlər övladlarının yalnız telefonda keçirdiyi vaxta deyil, niyə virtual dünyaya bu qədər ehtiyac duyduqlarına diqqət yetirməlidirlər. 

"Bəzən telefonun arxasında tənhalıq, diqqət ehtiyacı, özünü təsdiqlətmək istəyi və real həyatdan uzaqlaşma dayanır. Unutmamalıyıq ki, virtual dünyada çox görünmək real həyatda özünü tanımaq demək deyil. Gənclər başqalarının həyatını izləməklə öz həyatlarını yaşamağı unutmamalıdırlar. Texnologiya bizim alətimiz olmalıdır, həyatımızı idarə edən vasitəmiz deyil", - deyə psixoloq vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026