5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Sertifikatlaşdırmadan uğurla keçən pedaqoji işçilərin əməkhaqlarında artımın nəzərdə tutulması da diqqət çəkən məsələlərdəndir.
Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrində keçiriləcək sertifikatlaşdırma da ümumtəhsil məktəblərindəki sertifikatlaşdırma kimi əməkhaqlarının artırılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu, Azərbaycanda vahid sertifikatlaşdırma sisteminin formalaşdığını göstərir:
"Son günlər sosial şəbəkələrdə və mediada sertifikatlaşdırma qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Milli Məclisdə də bu məsələ ətrafında müəyyən müzakirələrin olduğu bildirilir. Xatırladım ki, ümumtəhsil məktəblərində keçirilən sertifikatlaşdırmada minimum keçid balını toplayan müəllimlərin əməkhaqlarına 10 faiz, 51 və daha yuxarı bal toplayanların əməkhaqlarına isə 35 faiz əlavə edilir. Bu qiymətləndirmə mexanizmini ədalətsiz hesab edənlər də var, mövcud qaydaları əsaslandıranlar da. Məsələ Milli Məclisin Elm və təhsil komitəsində də müzakirələrə səbəb olub. Əməkhaqqı əlavələrinin yalnız müəyyən keçid hədlərinə əsaslanması əvəzinə, toplanan ballara uyğun daha mərhələli sistem tətbiq edilməsi məqsədəuyğun olardı. Yaxşı olardı ki, hər 10 bala görə ayrıca qiymətləndirmə aparılsın. Məsələn, 30-40 bal toplayanlar üçün bir, 40-50 bal toplayanlar üçün başqa, daha yüksək nəticə göstərənlər üçün isə fərqli əməkhaqqı əlavələri müəyyənləşdirilsin. Bu meyarlarda dəyişiklik edilməsi həm gözləniləndir, həm də yaxşı olardı”.

Ekspert: "Bu, Azərbaycanda vahid sertifikatlaşdırma sisteminin formalaşdığını göstərir"
Məzahir Məmmədli məktəbəqədər təhsil müəssisələrində sertifikatlaşdırmanın başqa bir mühüm əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə ixtisası olmayan şəxslərin çalışması ilə bağlı problemlər mövcuddur və sertifikatlaşdırma həmin məsələlərin həllinə töhfə verə bilər.
"Məktəbəqədər təhsil müəssisələrində qeyri-ixtisas sahiblərinin müəllim kimi işə götürülməsi halları xüsusilə son illərdə geniş yayılıb. Bu baxımdan sertifikatlaşdırma peşəkar kadrların müəyyənləşdirilməsi və sistemin sağlamlaşdırılması baxımından vacib addımdır".
O əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri son illərdə Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu sahədə bir sıra dəyişikliklərə ehtiyac yaranıb. Əvvəlki dövrdə müəssisələrdə qidalanma məsələsinə və kadrların ixtisas uyğunluğuna lazımi diqqət yetirilmədiyini deyən ekspert sertifikatlaşdırmanın bu problemlərin aradan qaldırılmasına da kömək edə biləcəyini vurğulayıb.
Günəş Mərd
















