"Azərbaycan artıq Avropanın enerji və nəqliyyat ehtiyaclarını qarşılayan tərəfdaş olmaqla kifayətlənmir. Ölkəmiz Avropanın gələcək təhlükəsizlik, iqtisadi və geosiyasi arxitekturasının müəyyənləşdirilməsində iştirak edən müstəqil aktor kimi çıxış edir".
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Azərbaycanın Prezidenti İlham Əliyevin Dublində keçirdiyi görüşləri və Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını Bakıvaxtı.az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Dublindən Bakıya, Bakıdan Londona uzanan diplomatik xətt Azərbaycanın Avropadakı mövqeyinin və beynəlxalq münasibətlər sistemindəki rolunun göstəricisidir.
Politoloq qeyd edib ki, Böyük Britaniya ilə imzalanmış bəyannamə yalnız mövcud münasibətləri təsvir etmir, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir:
“Bu sənəd konkret strateji vizyon formalaşdırır, siyasi bəyanatın praktiki əməkdaşlıq müstəvisinə keçməsi üçün institusional baza təqdim edir”.
Ş.Həsənova diqqətə çatdırıb ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müxtəlif dövlətlərin rəhbərlərinin Azərbaycanın roluna dair səsləndirdiyi fikirlər ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadın ifadəsidir.
İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycanın Avropanın enerji və iqtisadi təhlükəsizliyində, hibrid təhdidlərə qarşı əməkdaşlıqda rolunu təqdir edib. Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova isə Azərbaycanı sabitliyin ciddi amili kimi xarakterizə edib.
Politoloqun fikrincə, bu yanaşma 2028-ci ildə Bakıda keçiriləcək zirvə görüşü baxımından da xüsusi əhəmiyyət daşıyır. O, Şimali Makedoniya Prezidentinin enerji böhranı ilə bağlı səsləndirdiyi fikrin Azərbaycanın strateji əhəmiyyətini bir daha ortaya qoyduğunu vurğulayıb.
Ş.Həsənova Litva Prezidenti Gitanas Nausedanın Orta Dəhlizin və Avropa-Cənubi Qafqaz enerji bağlantılarının əhəmiyyətinə diqqət çəkdiyini, Moldova Prezidenti Maya Sandu və Bolqarıstanın Baş naziri Rumen Radevin isə Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərdiklərini bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlər sistemindəki rolunu regional proseslərlə məhdudlaşdırmır, Avropa ilə Asiya arasında geoiqtisadi bağlantıların, enerji təhlükəsizliyinin və siyasi dialoqun inkişafında mühüm iştirakçıya çevrilir.
“Bu gün Azərbaycan sadəcə vizualda deyil, praktikada ‘Dialoq dəhlizi’ təqdim edir”, – deyə politoloq vurğulayıb.

Şəbnəm Həsənova: Bu sənəd konkret strateji vizyon formalaşdırır
Ş.Həsənova əlavə edib ki, Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlərini vahid geosiyasi seçim çərçivəsində deyil, milli maraqlar, qarşılıqlı hörmət və praktiki əməkdaşlıq prinsipləri əsasında qurduğunu göstərir.
Müdafiə sahəsində təlim və təcrübə mübadiləsinin gücləndirilməsini də institusional potensialın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Politoloq Prezident İlham Əliyevin sammit çərçivəsində iştirak etdiyi “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masanın əhəmiyyətinə də toxunub. O qeyd edib ki, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizdə ölkəmiz mühüm aktordur.
Müsahibimiz Avropa Siyasi Birliyinin fəaliyyətinə də münasibət bildirib:
"Bu platforma formal qərar qəbuletmə mexanizmi deyil, siyasi məsləhətləşmə və koordinasiya platforması kimi çıxış edir, dövlətlər arasında təmasların genişlənməsinə və beynəlxalq proseslərə təsir imkanlarının artırılmasına töhfə verir.
Sammit çərçivəsində Prezident İlham Əliyevə göstərilən münasibət və dövlət başçısı ilə təmasların qurulmasında qarşı tərəflərin təşəbbüskarlığı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin strateji vizyonuna ehtiyac duyulduğunu göstərir”
Zeynəb Rzayeva
















