Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi martın 18-də Rumıniyanın Midiya limanında batıb, nəticədə bir nəfər ölüb, dörd nəfərin axtarışları isə davam edir.
Bakıvaxtı.az Rumıniya KİV-nə istinadən xəbər verir ki, heyət üzvlərindən biri sahilə çıxarılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb. Hazırda qalan dörd nəfərin axtarışı üzrə əməliyyat davam edir. Rumıniya hərbi dəniz qüvvələrinin rəhbərliyi onların həlak ola biləcəyini istisna etmir.
Hadisə yerinə təcili yardım briqadaları, dalğıclar və ixtisaslaşdırılmış xidmətlər göndərilib.
Rumıniya hərbi dəniz idarəsinin məlumatına görə, yedək gəmisi Midiya limanından təxminən 8 km məsafədə yerləşən Monbuy terminalına yan alarkən Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə kömək göstərilməsi manevri zamanı aşıb.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək məqsədilə prokurorluğun koordinasiyası altında istintaq aparılır.
Rumıniya bayrağı altında üzən "Astana" yedək gəmisi 2006-cı ildə inşa edilib.
Bakı 




