“Ermənistanda Paşinyan hakimiyyətinə qarşı müqavimət hərəkatının əsas liderlərindən biri olan Samvel Karapetyanın saxlanılması siyasi məqsədlər güdür”.
Bunu siyasi şərhçi Elçin Xalidbəyli Ermənistanda baş verən siyasi prosesləri Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti ölkədə konstitusiya islahatları aparmaq niyyətindədir. Bu prosesin hazırkı şəraitdə reallaşdırılması mümkün olmasa, növbədənkənar parlament seçkilərinin keçirilməsi və bundan sonra referendumun təşkili variantları da nəzərdən keçirilə bilər.
Elçin Xalidbəyli hesab edir ki, Samvel Karapetyanın saxlanılması və onunla əlaqəli qüvvələrin sıxışdırılması Paşinyan hakimiyyətinin yaxın gələcəkdə ölkədə müəyyən siyasi proseslərə start vermək niyyətinin göstəricisi ola bilər.

Elçin Xalidbəyli, politoloq
Siyasi şərhçinin fikrincə, Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsini artıq prioritet hesab edir və bu prosesin gecikdirilməsini ölkə üçün zərərli sayır:
"Bu baxımdan, yaxın gələcəkdə Ermənistanda baş verə biləcək siyasi proseslərə Rusiyanın təlimatı ilə müqavimət göstərə biləcək qüvvələrin təsir imkanlarının məhdudlaşdırılması istiqamətində addımların atılması istisna deyil".
Zeynəb Rzayeva
















