Müasir dövrümüzdə "Ağıllı ev" sistemi artıq dəbdədir. Telefonla işığı yandırmaq, pərdəni bağlamaq, kondisioneri açmaq dəb halını alıb. Demək olar ki, yeni təmir edən hər kəs evinə az da olsa ağıllı sistem əlavə etməyə çalışır. Xüsusən də sosial şəbəkələrdə evin bir toxunuşla idarə edilməsini əks etdirən videolar insanların marağını daha da artırıb.
Doğrudanmı, işığı telefonla yandırmaq "ağıllı ev" deməkdir? Gələcəyin evi necə olacaq? Ağıllı ev tikmək istəyən şəxslər nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, işığı telefonla yandırmaq sadəcə avtomatlaşdırmanın bir funksiyasıdır:
"Həqiqi ağıllı ev isə işıqlandırma, isitmə-soyutma, təhlükəsizlik, su və qaz sızmasına nəzarət, girişə nəzarət və enerji idarəetməsini vahid sistemdə birləşdirir. Ağıllı ev üçün əsas göstərici rahatlıqdan əvvəl təhlükəsizlikdir. Sistem su sızması zamanı yalnız telefona bildiriş göndərməməli, suyu avtomatik bağlamalıdır. Tüstü, qaz sızması və icazəsiz giriş kimi hallar da avtomatik aşkarlanmalıdır".
"Gələcəyin evi necə olacaq" sualını cavablandıran M.Ərturan qeyd edib ki, gələcəyin evi sadəcə əmr yerinə yetirməyəcək.
"Gələcəyin evi sensorlardan məlumat toplayacaq, sakinlərin vərdişlərini öyrənəcək, enerji sərfiyyatını optimallaşdıracaq və riskləri insan müdaxiləsindən əvvəl aşkarlayacaq. Yəni, ehtiyacı anlayan və təhlükəni qabaqlayan ev olacaq", - deyə müsahibimiz bildirib.

Muxtar Ərturan: Ağıllı ev üçün əsas göstərici rahatlıqdan əvvəl təhlükəsizlikdir
Ağıllı ev qurmaq istəyənlərə xəbərdarlıq edən memar deyib ki, ən böyük səhv müxtəlif cihazları sonradan alıb qoşmağı "ağıllı ev" hesab etməkdir. Sistem təmir və layihələndirmə mərhələsində planlaşdırılmalıdır:
"Elektrik xətləri, internet infrastrukturu, ehtiyat enerji və cihazların uyğunluğu əvvəlcədən nəzərə alınmalı, kritik funksiyalar internet kəsildikdə də işləməlidir. Kibertəhlükəsizlik də vacibdir. Kamera, ağıllı kilid və digər cihazlar evin rəqəmsal giriş nöqtələridir və düzgün qorunmalıdır. "VR Standartları 2026" metodikasında əsas yanaşma texnologiyanın insana uyğunlaşdırılmasıdır. Ağıllı sistem insanın yaşına, fiziki imkanlarına, gündəlik vərdişlərinə və real ehtiyaclarına xidmət etməlidir".
Müsahibimiz vurğulayıb ki, ağıllı evin məqsədi texnologiya nümayişi yox, insanın təhlükəsizliyi və yaşayış keyfiyyətini artırmaqdır. İşığı telefonla yandırmaq rahatlıqdır. Həqiqi ağıllı ev isə təhlükəni sizdən əvvəl görüb düzgün reaksiya verən evdir.
Gülşən Şərif
















