Xaçmaz rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xanoba kəndində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kənddə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerinə baxış zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti aşkar edilib.
Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
















