• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Vaşinqton Tehranın təkliflərinə "hə" deyəcəkmi? -AÇIQLAMA

SİYASƏT

19 Noyabr 2026 | 11:23 | Müəllif: Gülşən Şərif

Vaşinqton Tehranın təkliflərinə "hə" deyəcəkmi? -AÇIQLAMA

İran təklif edib ki, ABŞ Tehranın irəli sürdüyü 3 şərti yerinə yetirərsə, müharibə dayana bilər. Bu şərtlərə İranın limanlarına qarşı dəniz blokadasını aradan qaldırılması, bütün cəbhələrdə müharibənin dayandırılması və xaricdəki İran pullarının dondurulmasının ləğv olunması daxildir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin bu şərtləri qəbul edəcəyi təqdirdə ticarət gəmilərinin boğazdan sərbəst keçidi 48 saat ərzində bərpa edilə bilər. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Tehranın bölgədəki müharibəni dayandırmaq üçün irəli sürdüyü yeni təklifi dəstəkləyiblər. 

Vaşinqton Tehranın bu şərtlərini qəbul edə bilərmi? ABŞ İranın şərtlərini qəbul etməsə, Hörmüz boğazında gərginlik daha da artacaqmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-İran müharibəsi fonunda İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Tehranı dəstəkləməsi bir növ siyasi dəstəkdir.

Onun sözlərinə görə, Vaşinqton Tehranın şərtlərini yalnız bir güzəşt qarşılığında qəbul edə bilər: 

"İran 400 kq zənginləşdirilmiş uranı ya təhvil verməli, ya da üçüncü ölkəyə göndərməli və zənginləşdirmə həddini 3%-ə salmağa razı olmalıdır. Lakin nüvə məsələsi hələ də açıq qaldığından, hesab edirəm ki, ABŞ İranın bu mövqeyini və təklifini dəstəkləməyəcək. Çünki Hörmüz boğazında gərginlik onsuz da artır və proses normal münasibətlər sistemində getmir".

Məhəmməd Əsədullazadə: Nüvə məsələsi açıq qaldığından, ABŞ-nin İranın təklifini dəstəkləyəcəyi gözlənilmir

Politoloq qeyd edib ki, İran və ABŞ arasında konfidensial danışıqlar aparılır. Ancaq tərəflər yalnız nüvə məsələsində deyil, digər məsələlərdə də fikir ayrılığına malikdirlər. 

"Nüvə məsələsini kənara qoyaraq digər məsələlərdə razılıq əldə olunacaqsa, onda bu müharibə nəyə lazım idi? Axı bu müharibə məhz nüvə təhlükəsinin aradan qaldırılması üçün başlanılmışdı. Əgər İran bu məsələni hələ də gündəmdə saxlayır və özünü qalib hesab edirsə, deməli, normal münasibətlər sistemindən söhbət gedə bilməz. Bu halda ABŞ də İranın şərtini qəbul etməyəcək və böhranın davam etməsi gözlənilir", - Məhəmməd Əsədullazadə vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026