Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün mygov platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə tətbiqi telefonlarına yükləyərək aktiv istifadə etməyi tövsiyə edib. Hesab yaratmaqda çətinlik çəkən valideynlərə məktəblərdə kömək göstəriləcək. Agentlik qeyd edib ki, bir mobil telefonda bir neçə şagird üçün ayrıca hesab yaratmaq mümkündür.

Məzahir Məmmədli: Yeni sistem valideyn və şagird məlumatlarının elektronlaşmasına imkan verəcək
Mövzu ilə bağlıfikirlərini Bakıvaxtı.az-la bölüşən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, dünyada sürətli proseslər gedir və süni intellekt artıq bütün sahələrə inteqrasiya olunub:
"Azərbaycanda son bir neçə ildir ki, jurnalların elektron sistemə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Əvvəllər pilot layihə kimi tətbiq edilən sistem indi bütün məktəbləri əhatə edir. Jurnalların elektron sistemdə işlənilməsi qaydası tətbiq olunub və burada müəllimlərin müəyyən qədər yükdən azad edilməsi və daşınan jurnallardan xilas olunması kimi üstün nəticələr var. Artıq ölkə üzrə mekteb.edu.az-dan istifadə kütləvi yayılıb".
M.Məmmədlinin sözlərinə görə, yeni sistem valideyn və şagird məlumatlarının elektronlaşmasına imkan verəcək.
"Süni intellektin yaratdığı imkandan istifadə eləməklə, mekteb.edu.az üzərindən həm valideynlərdən müəyyən informasiyaları almaq, şagirdlərin məktəbdəki davamiyyəti, qiymətləndirilməsindən tutmuş bütün sahələr üzrə nəzarətdə saxlanılması imkanları yaranıb.
Yəni, mekteb.edu.az üzərindən digər məlumatların, həm valideynlə bağlı məlumatların, həm şagirdin özünün nailiyyətləri ilə bağlı məlumatların elektronlaşması üçün müəyyən əməliyyatların aparılmasına ehtiyac yaranır. Bir sözlə, burada fərdi müraciətlərə artıq ehtiyac qalmayacaq. Bu halda mekteb.edu.az üzərindən bütün əməliyyatların aparılması mümkün olacaq. Ümumilikdə bu sistem valideyn, şagird və məktəb arasındakı əlaqəni möhkəmləndirəcək və lazım olan vacib informasiyaları anında icra orqanları üçün almaq imkanları yaranacaq".

Ellada Bayramova: Hesab yaratmama təhsil hüququnu məhdudlaşdıra bilməz
"7 yaşlı uşağın myGov-da fərdi hesabının yaradılması qanunidirmi" sualını cavablandıran hüquqşünas Ellada Bayramova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasına dair məhdudiyyətin myGov platformasında şagird hesablarının yaradılmasına birbaşa tətbiq edilməsi üçün hüquqi əsas yoxdur.
O bildirib ki, MyGov-un dövlət elektron xidmətləri və təhsil məlumatlarına çıxış vasitəsi olması onu sosial şəbəkə platforması ilə eyniləşdirməyə imkan vermir:
"2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilmiş yeni tələblərə əsasən, müəyyən edilmiş yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşı tamam olmamış şəxslərin hesab açmasına yol verilmir. Bununla belə, həmin məhdudiyyət bütün rəqəmsal xidmətlərə şamil edilmir. Qanunda sosial şəbəkə platforması anlayışı istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqə və məzmun paylaşımı ilə bağlı müəyyən edilib, təhsil və peşəkar-işgüzar münasibətlər üçün istifadə olunan platformalar isə bu anlayışın tətbiq dairəsindən istisna tutulub".
E.Bayramova qeyd edib ki, məsələ "Fərdi məlumatlar haqqında" Qanun kontekstində qiymətləndirilməlidir.
"Qanunun 4-cü maddəsinə əsasən, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilməlidir. Qanunun 8.1-ci maddəsi fərdi məlumatların toplanılmasına subyektin razılığı əsasında yol verildiyini müəyyən edir. Yetkinlik yaşına çatmayan şəxslə bağlı isə 8.3-cü maddəyə əsasən, tələb olunan razılıq onun qanuni nümayəndəsi tərəfindən verilə bilər. Uşağın rəqəmsal hesabının yaradılması zamanı onun şəxsiyyətini müəyyən edən məlumatların işlənilməsi üçün müvafiq hüquqi əsas olmalıdır. Valideynin razılığı tələb olunan hallarda bu razılıq formal xarakter daşımamalı, məlumatların hansı məqsədlə toplandığını və hansı həcmdə işlənildiyini əhatə etməlidir", - deyə müsahibimiz izah edib.
Onun sözlərinə görə, Qanunun 9.1 və 11.1-ci maddələri məlumatların yalnız zəruri həcmdə və dəqiq müəyyən edilmiş məqsəd üçün toplanmasını tələb edir:
"Valideynin myGov hesabı yaratmaması uşağın təhsil hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir və dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etdiyini müəyyən edir. Bu hüquq rəqəmsal xidmətlərdən istifadə imkanından daha geniş məzmun daşıyır. Şagirdin təhsil məlumatlarına çıxışının digər qanuni və əlçatan üsullarla təmin edilməsi, rəqəmsal xidmətlərdən istifadə edə bilməyən ailələrin təhsil prosesindən kənarda qalmaması dövlətin öhdəliyinin tərkib hissəsidir. Elm və Təhsil Nazirliyinin 7 avqust 2026-cı ildə yenilənmiş "Valideyn" mobil tətbiqinin məxfilik siyasətində girişin Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi bazasından əldə edildiyi göstərilsə də, bu siyasət özü-özlüyündə 7 yaşlı uşağın myGov-da hesab yaratmasının bütün hüquqi şərtlərini müəyyən etmir".
Hüquqşünas vurğulayıb ki, 7 yaşlı şagird üçün myGov hesabının yaradılması, platformanın hüquqi rejimi və fərdi məlumatların işlənilməsi qaydaları nəzərə alınmaqla, özlüyündə qanunvericiliyə zidd hesab edilə bilməz. Bununla yanaşı, rəqəmsallaşma uşağın təhsil hüququnu təmin edən vasitə olmalı, həmin hüququn həyata keçirilməsini şərtləndirən maneəyə çevrilməməlidir.

Dədəkişi Vəlizadə: Valideynin məlumatlara çıxışı qanun pozuntusu deyil
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Dədəkişi Vəlizadə Bakıvaxtı.az-a açıqlamasındabildirib ki, uşaqlarla bağlı məsələdə, ilk növbədə, onların fəaliyyət qabiliyyəti nəzərə alınmalıdır:
"Mülki Məcəlləyə əsasən uşaqların fəaliyyət qabiliyyəti iki cür müəyyən olunur: Məhdud fəaliyyət qabiliyyəti və fəaliyyət qabiliyyətsizliyi.7 yaşınadək uşaqlar fəaliyyət qabiliyyətsiz sayılır və onların adından əqdləri bilavasitə valideynləri bağlayır, yaxud valideynlərin razılığı ilə bağlanılır. 7-14 yaş arası uşaqlar xırda məişət əqdlərini bağlamaqda sərbəstdir, digər bütün əqdləri isə onların adından valideynləri bağlayır. 14-18 yaş arası yeniyetmələr isə əqdləri valideynlərin razılığı ilə özləri bağlayırlar, valideyn hər halda həmin prosesdə iştirak edir".
Onun sözlərinə görə, myGov məlumatlarının valideynə verilməsi "Fərdi məlumatlar haqqında" Qanunun pozulması deyil.
"Bu baxımdan myGov məlumatlarının uşaqların valideynlərinə verilməsi və valideynin həmin məlumatlara əlçatanlığı fərdi məlumatlar haqqında qanunun tələblərinin pozulması hesab olunmur. Çünki uşağın barəsində məlumatlar onsuz da valideyn üçün aşkardır və valideynin hüququdur ki, həmin məlumatları əldə etsin, uşağın müqəddəratı barədə valideynlər bərabər şəkildə qərar versinlər", - müsahibimiz əlavə edib.
MyGov-un olmaması ilə bağlı şəxsin təhsilə buraxılmamasına gəlincə, vəkil hesab edir ki, myGov hesabının olmaması təhsil hüququnu məhdudlaşdıra bilməz:
"Təhsil konstitusion hüquqdur və konstitusion hüququn "myGov yoxdur" deyə məhdudlaşdırılması düzgün hesab olunmur. Çünki internet əlçatanlığı və texniki imkanlar hər kəsdə eyni deyil. Qanunda bununla bağlı birbaşa norma olmadığına görə, Normativ hüquqi aktlar haqqında Qanunun tələbinə əsasən qanun analogiyası üzrə boşluq vətəndaşın əleyhinə şərh edilə bilməz.Bu baxımdan deyə bilərik ki, qanunda boşluq var. Əvvəlcə qanunu tənzimləmək, sonra vətəndaşa məhdudiyyət tətbiq etmək lazımdır".
Son olaraq Dədəkişi Vəlizadə qeyd edib ki, qanunda myGov-u olmayanların dərsə buraxılmaması ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Forma tələbi qanunda birbaşa nəzərdə tutulduğu üçün məktəb direktoru onu tələb edə bilər, amma myGov-la bağlı qanunda belə tələb olmadığına görə təhsildə məhdudiyyət tətbiq edilə bilməz.

Sayad İbrahimov: Yalnız zəruri məlumatlar toplanmalı və hər kəsə bütün məlumatlara çıxış verilməməlidir. Burada yalnız məlumatların kənar şəxslərdən qorunması deyil, onların dövlət qurumları və sistem administratorları tərəfindən necə idarə olunması da vacibdir.
İnformasiya Texnalogiyaları mütəxəssisi Sayad İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqlar üçün fərdi elektron hesabların yaradılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması müasir dövrün tələblərinə uyğun müsbət addımdır. Ancaq söhbət uşaqlardan və onların şəxsi məlumatlarından getdiyi üçün bu məsələyə təhlükəsizlik baxımından daha həssas yanaşmaq lazımdır:
"Əsas risk uşaqlara məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsidir. Məsələn, uşağın adı, soyadı, doğum tarixi, oxuduğu məktəb, sinfi və valideynləri haqqında məlumatlar kənar şəxslərin əlinə keçərsə, gələcəkdə bu məlumatlardan müxtəlif məqsədlərlə sui-istifadə edilə bilər. Xüsusilə kiberdələduzluq, saxta mesajlar və sosial mühəndislik hücumları baxımından belə məlumatlar müəyyən imkanlar yaradır. Dələduzlar valideynlərə özlərini məktəb əməkdaşı və ya dövlət qurumunun nümayəndəsi kimi təqdim edərək onlardan şifrə, təsdiq kodu və digər məlumatları əldə etməyə çalışa bilərlər. Bundan başqa, bir telefonda bir neçə şagird hesabının yaradılması da risklidir. Bəzən istifadəçilər sadə şifrələr seçir, eyni şifrəni bir neçə platformada istifadə edir və ya tanımadıqları şəxslərdən gələn keçidlərə daxil olurlar. Telefonun itirilməsi, başqasının əlinə keçməsi və ya lazımi səviyyədə qorunmaması bir neçə uşağın məlumatlarını eyni anda risk altına sala bilər", - İT mütəxəssisi vurğulayıb.
S.İbrahimov hesab edir ki, tətbiqi yalnız rəsmi mənbələrdən yükləmək, telefonda ekran kilidindən istifadə etmək, güclü şifrə seçmək vacibdir:
"Hansı məlumatların toplandığı, kimlərin həmin məlumatlara çıxış əldə etdiyi, bu məlumatların hansı məqsədlə istifadə edildiyi və nə qədər müddət saxlanıldığı aydın olmalıdır. Həmçinin platformanın texniki infrastrukturu güclü qurulmalıdır. Məlumatlar müasir şifrələmə texnologiyaları ilə qorunmalı, hesaba giriş zamanı əlavə təsdiqləmə mexanizmlərindən istifadə edilməli və sistem mütəmadi olaraq kibertəhlükəsizlik yoxlamalarından keçirilməlidir. Həmçinin sistemdə hər bir istifadəçinin hansı məlumatlara baxa biləcəyi dəqiq müəyyənləşdirilməlidir".
Mütəxəssis valideynlərə çağırış edərək bildirib ki, tətbiqi yalnız rəsmi mənbələrdən yükləmək, telefonda ekran kilidindən istifadə etmək, güclü şifrə seçmək və təsdiqləmə kodlarını heç kimlə paylaşmamaq vacibdir.
"Valideynlərə tövsiyə edərdim ki, bu cür hesablarla bağlı onlara göndərilən şübhəli mesajlara və keçidlərə qarşı diqqətli olsunlar. Uşaqların şəxsi məlumatlarının qorunması yalnız texniki məsələ deyil, həm də ciddi sosial və hüquqi məsuliyyətdir. Uşaqlar öz məlumatlarının hansı risklər yarada biləcəyini hər zaman dərk etmirlər. Buna görə də onların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət dövlət qurumlarının, platformanı hazırlayan texniki komandaların və valideynlərin üzərinə düşür. Ümumilikdə bu təşəbbüs düzgün və təhlükəsiz şəkildə həyata keçirildiyi təqdirdə faydalı olacaq. Rəqəmsallaşma nə qədər vacibdirsə, həmin rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması da bir o qədər vacibdir", - deyə Sayad İbrahimov fikrini yekunlaşdırıb.
Gülşən Şərif
















