• Bakı C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Qlobal ticarət yolları risk altındadır: Yaxın Şərqdə gərginliyin iqtisadi təsirləri

İQTİSADİYYAT

18 Mart 2026 | 09:25

Qlobal ticarət yolları risk altındadır: Yaxın Şərqdə gərginliyin iqtisadi təsirləri

Yaxın Şərqdə son aylarda müşahidə olunan gərginlik təkcə regional təhlükəsizlik məsələsi kimi deyil, həm də qlobal iqtisadi sistem üçün ciddi risklər yaradan proses kimi qiymətləndirilir. Xüsusilə enerji və ticarət marşrutlarının təhlükəsizliyi məsələsi yenidən beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.

Hörmüz boğazı ətrafında baş verən hadisələr, Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumları və Bab əl-Məndəb boğazı ətrafında yaranan risklər dünya ticarətinin əsas arteriyalarından birinin təhlükə altında olduğunu göstərir. Bu marşrutlar vasitəsilə Avropa, Asiya və Yaxın Şərq arasında milyonlarla ton enerji və yük daşınır və hər hansı destabilizasiya qlobal iqtisadi tarazlığa təsir edə bilər.

Analitiklər hesab edirlər ki, regionda hərbi-siyasi gərginliyin artması yalnız enerji bazarına deyil, həm də böyük güclər arasındakı geosiyasi rəqabətə yeni dinamika gətirə bilər. Bu vəziyyət həm ABŞ və Avropa dövlətlərinin, həm də Rusiya və Çin kimi qlobal oyunçuların regiona münasibətdə strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olur.

Bəs Yaxın Şərqdə baş verən son proseslər dünya ticarət yolları və regional güc balansı baxımından nə vəd edir?

Bakıvaxtı.az-ın bu və digər suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Yaxın Şərq coğrafiyası tarixən dünya ticarətinin və enerji daşımalarının ən mühüm qovşaqlarından biri olub. Onun sözlərinə görə, bu regiondan keçən dəniz marşrutları Avropa ilə Asiyanı birləşdirən əsas iqtisadi arteriyalardır:

“Son aylarda Hörmüz boğazı və Qırmızı dəniz ətrafında baş verən hadisələr bu marşrutların təhlükəsizliyinin nə qədər həssas olduğunu yenidən göstərdi. Əgər bu keçid nöqtələrində hər hansı hərbi və ya siyasi risk yaranarsa, bu, qlobal logistika sisteminə birbaşa təsir edir. Çünki dünya enerji daşımalarının böyük hissəsi məhz bu marşrutlardan keçir. Ona görə də beynəlxalq aktorlar bu yolların təhlükəsizliyini qlobal iqtisadi sabitliyin əsas şərtlərindən biri kimi qiymətləndirirlər”.

Müsahibimiz bildirib ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və Süveyş kanalı ilə Avropa-Asiya ticarət marşrutunu təmin edən strateji keçid nöqtəsidir. Əgər husilər bu boğazda nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd etsələr, bu, beynəlxalq ticarət üçün ciddi problemlər yarada bilər. Politoloqa görə, gəmilər alternativ olaraq Afrika ətrafından keçməyə məcbur qala bilər ki, bu da daşınma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırar. Nəticədə qlobal logistika zəncirlərində gecikmələr yarana və enerji qiymətləri yüksələ bilər. Bu isə dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini artıran amillərdən birinə çevrilə bilər. Belə bir ssenari beynəlxalq ticarət sisteminin nə qədər həssas olduğunu bir daha göstərmiş olar.

Züriyə Qarayeva: Yaxın Şərqdə geosiyasi qarşıdurma xətti daha da kəskinləşə bilər

Bu vəziyyətin regionda hərbi və siyasi balansı necə dəyişəcəyinə gəlincə, Qarayevanın dediyinə görə, belə bir gərginlik təkcə iqtisadi deyil, həm də ciddi geosiyasi nəticələr doğura bilər. Strateji boğazların təhlükə altına düşməsi beynəlxalq güclərin regiondakı hərbi mövcudluğunu artırmasına səbəb ola bilər. ABŞ və Avropa dövlətləri artıq Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Bu isə regionda yeni hərbi koalisiyaların formalaşmasına gətirib çıxara bilər.

Həmsöhbətimiz qeyd edib ki, digər tərəfdən, İran və onun regiondakı müttəfiqləri bu prosesləri öz təhlükəsizlik strategiyalarının bir hissəsi kimi qiymətləndirə bilərlər. Nəticədə Yaxın Şərqdə geosiyasi qarşıdurma xətti daha da kəskinləşə bilər.

“Yaxın Şərqdəki gərginlik böyük güclər arasında strateji rəqabətin yeni mərhələsinə səbəb ola bilər” deyən politoloqun sözlərinə görə, ABŞ və Avropa dövlətləri əsas diqqəti beynəlxalq ticarət yollarının təhlükəsizliyinə və enerji marşrutlarının qorunmasına yönəldirlər. Rusiya isə bu vəziyyəti enerji bazarındakı dəyişikliklər fonunda geosiyasi imkan kimi qiymətləndirə bilər. Çin üçün isə əsas prioritet sabit və təhlükəsiz ticarət marşrutlarının qorunmasıdır, çünki Pekinin iqtisadi modeli qlobal ticarət şəbəkələrindən asılıdır:

“Ona görə də Çin alternativ logistika layihələrinə və yeni enerji marşrutlarına daha çox diqqət ayıra bilər. Bütün bunlar göstərir ki, Yaxın Şərqdə baş verən hadisələr yalnız regional məsələ deyil, həm də qlobal geosiyasi balansın yenidən formalaşmasına təsir edən prosesdir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

17 Mart 2026