İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Qeyd edək ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu Əli Laricaninin öldürüldüyünü bildirib.
***
17 mart, saat 17:33
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin Tehran yaxınlığındakı zərbəsi nəticəsində həlak olması barədə ordunun yaydığı məlumatı təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət başçısı rəsmi bəyanatla çıxış edib.
B. Netanyahu bu addımın İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə atıldığını deyib. O, Laricaninin hədəf alınmasının İsrailin strateji hədəflərinə xidmət etdiyini vurğulayıb.
***
15:28
İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.
Bakıvaxtı.az xəbər verir ki, IDF-in açıqlamasında Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.
Qeyd olunub ki, Əli Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.
İranda son aksiyalarda etirazçılara qarşı qırğınlara şəxsən Laricaninin nəzarət etdiyi vurğulanıb.
***
14:50
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin döyüşçülərinin dəfn mərasimi münasibətilə müraciət ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran rəsmisinin X hesabında paylaşım edilib.
"Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və bu şəhidliklər uzun illər silahlı qüvvələrin strukturunda İslam Respublikası Ordusunun təməlini qoyacaq. Uca Allahdan bu əziz şəhidlərə ən yüksək rütbələr verməsini diləyirəm", - deyə Laricaninin müraciətində yazılıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrael Katz Əli Laricaninin ötən gecə həyata keçirilən hücumlarda öldürüldüyünü təsdiqləyib.
Laricaninin sözügedən müraciəti bu gün paylaşılsa da, 16 mart tarixinə aiddir.
***
14:09
İsrail müdafiə naziri İsrael Katz İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani və Bəsic komandanı Süleymaninin dünən gecə İsrailin hücumlarında öldürüldüyünü təsdiqləyib.
Bakıvaxtı.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
***
13:11
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin tezliklə müraciəti yayımlanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İsrail ordusunun Əli Laricanini hədəf aldığı bildirilir, onun öldürüldüyü və ya yaralandığı bəlli deyil.
***
12:50
İsrail rəsmilərinin məlumatına görə, İsrail hava qüvvələri gecə ərzində İranda həyata keçirdiyi aviareydlərin birində İranın yüksək rütbəli məmuru – ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəfə alıb.
Bakıvaxtı.az bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Laricaninin bu zərbə nəticəsində həlak olub-olmadığı və ya yaralanıb-yaralanmadığı dəqiq məlum deyil.
Eyni zamanda nəşrin müdafiə qüvvələrindən olan mənbələrə istinadən verdiyi məlumata görə, IDF (İsrail Müdafiə Qüvvələri) son hava zərbələrində “Fələstin İslam Cihadı” hərəkatının lideri Əkrəm əl-Əcuri və hərəkata aid digər yüksək vəzifəli şəxslər hədəfə alınıb.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bu səhər keçirilən iclasda konkret adlar çəkməsə də, bildirib ki, gecə ərzində həyata keçirilən zərbələrdən sonra mühüm nəticələr qeydə alınıb və bu nəticələr hərbi kampaniyanın nailiyyətlərinə və İsrail Müdafiə Qüvvələrinin missiyasına təsir göstərə bilər
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb./Trend
















