• Bakı C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

“Sirkə üsulu” kökəlmədən qoruyurmu?

CƏMİYYƏT

18 Mart 2026 | 15:16

“Sirkə üsulu” kökəlmədən qoruyurmu?

"Bayram şirniyyatlarından əvvəl sirkəli su içməyin faydalı olması barədə yayılan fikirlər elmi əsaslara söykənmir və sağlamlıq üçün risklidir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

Onun sözlərinə görə, sirkənin arıqlama və ya qəbul edilən şirniyyatın təsirini azaltmaq kimi bir funksiyası yoxdur, əksinə, mədə üçün ciddi fəsadlar yarada bilər. Xüsusilə sirkənin acqarına qəbulu təhlükəlidir.

Həkim vurğulayıb ki, bu cür vərdişlər mədədə kəskin problemlərə səbəb olur:

“Sirkə mədənin turşuluğunu artırır və selikli qişanı qıcıqlandıraraq kəskin reaktiv qastrit yaradır. Müayinələr zamanı mədədə qızartı və zədələnmə ocaqları müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan bu kimi “məsləhətlər” əksər hallarda mif xarakteri daşıyır və elmi əsaslara söykənmir. Sirkə həzmi süni şəkildə sürətləndirir, lakin bu, sağlam proses deyil və orqanizm üçün əlavə yük yaradır”.

E.Məmmədov əlavə edib ki, bəzi insanların yeməkdən sonra qazlı içkilər qəbul etməsi də eyni dərəcədə təhlükəlidir:

“Bu, mədənin reseptorlarını aldadır və həzm prosesi tamamlanmadan qidaların bağırsağa ötürülməsinə səbəb olur. Nəticədə mədəaltı vəzi və digər həzm orqanlarına əlavə yük düşür”.

Ekspert qeyd edib ki, bu cür yanlış qidalanma davranışları zamanla pankreatit, mədə ağrıları, ishal və digər həzm pozuntularına gətirib çıxarır:

“Bu vərdişlər uzunmüddətli perspektivdə ciddi xəstəliklər yarada bilər”.

E.Məmmədov sonda vətəndaşlara çağırış edib:

“Sirkə içmək gec-tez sizi mədə xəstəsinə çevirə bilər. Bu səbəbdən belə yanlış məlumatlara aldanmamaq və düzgün qidalanma qaydalarına əməl etmək vacibdir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR