"ABŞ və İsrailin İrana zərbələri davam edəcək. İran və İsrail müəyyən mənada müharibəni genişləndirməyə cəhd etsələr də, bu cəhd effekt vermir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, Körfəz ölkələrini, Türkiyəni savaşa cəlb etmək səyləri faydasızdır:
"Avropa ölkələrini, NATO qüvvələrini Trampın təhrik etməsi də hələ ki, nəticə vermir. Ancaq buna rəğmən İran tərəfi də regionda gərginliyi artırıb beynəlxalq aləmin diqqətini artırmaq üçün müəyyən təxribat addımları atır, qonşu ölkələrə sursatlar atılır və sair. Təbii ki, İran nə qədər dirəniş göstərsə belə ABŞ və İsrailin hərbi potensialı qarşısında yaxın vaxtlarda iqtisadi, hərbi yöndən tükənəcəyi mümkündür".
Analitik qeyd edib ki, ümumiyyətlə İranda dini, siyasi və hərbi liderlərin fiziki cəhətdən aradan götürülməsi nəticəni o qədər də dəyişmir:
"Bu, ABŞ və İsrailə psixoloji yöndən üstünlük gətirsə də məqsədə nail olmaq sarıdan o qədər də effekt vermir. Çünki İranda sistem təkcə liderlərə bağlı deyil. Şəbəkə formasında, bir neçə struktur mövcuddur ki, lider sıradan çıxdıqda dərhal yerinə digəri gəlir, yaxud müvafiq şura qərar qəbul edir. ABŞ müharibəyə digərlərini də cəlb etmək istəyir ki, həm məsuliyyəti, həm də maddi çıxarları bölüşsün. İsrail isə davam etməkdə israrlıdır. Çünki bu hücumu fürsət hesab edir. İranda sistem ideologiyaya əsaslanan siyasi sistem olduğu üçün qısa müddətdə iflas etməsi mümkün deyil. Şəxslərin, liderlərin sıradan çıxması bu rejimi daha da barışmaz edir və danışıqlara yer saxlamır".

Tural İrfan: Pezeşkian önə çıxa və Vaşinqtonla danışıqlar aparıb ortaq nəticə hasil edə bilər
T.İrfana görə, bu kimi reallıqlar sadəcə İran rejiminin ömrünü bir qədər uzada bilər:
"Lakin xilas edə bilməz. ABŞ və İsrail üçün bu müharibədən dönüş yoxdur. Əl saxlamaq onlar üçün məğlubiyyət və İranın daha da aqressivləşməsi olardı. Hətta Laricani İslam ölkələrini ittiham edərək onlara kömək etmədiyini demişdi. ABŞ və İsrailin əl saxlaması İranın yenidən toparlanıb müsəlman ölkələrinə qarşı yönəlməsi deməkdir. Ona görə də birbaşa olmasa da körfəz ölkələri ABŞ və İsrailə dəstək verməyə məcburdurlar”.
Müsahibimiz hesab edir ki, təqribən bir neçə həftəyə İranda mühafizəkarlar dairəsinin sarsıdılması, yaxud sıradan çıxarılması zəminində sivil xalqın təmsilçisi rolunda prezident önə çıxa və ABŞ ilə danışıqlar aparıb ortaq nəticə hasil edə bilər. Onun fikrincə, çox böyük ehtimalla ABŞ həmin mərhələyə nail olana qədər müharibəni davam etdirəcək:
“İran rejiminin isə hansısa müsbət nəticə əldə etməsi ehtimalı çox azdır".
Aydın Baxış
Bakı 




