"10 milyon avro tələb edəcəyimi söylədim" - Prezidentin ailəsini şantaj edən şəxs
Məlum olduğu kimi, DTX Prezidentin ailəsini şantaj edən F.S-ni saxlayıb.
Bakıvaxtı.az İTV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışıb.
Onun sözlərinə görə, fevralın 11-də Mehman Hüseynovla əlaqə saxlamaq istəyib:
"Sosial mediada olan "Sancaq Media" səhifəsində Mehman Hüseynovla əlaqə saxladım. Zəki Səlimov isə həmin materialları mənə atdı. Elman Əliyev isə mənə iki video göndərdi. Mən bu videolara baxandan sonra bunların doğru olduğuna inanmadım. Bu videolar Mehman Hüseynovun vasitəsilə yayılan videolardır".
O qeyd edib ki, videoları əldə etdikdən sonra Mehriban, Leyla və Arzu Əliyevaların sosial media hesablarına mesaj göndərib:
"Mesajımda qeyd etdiyim ki, mənim Alena Əliyevanın həyatı ilə bağlı əldə etdiyim müəyyən materiallar var. Heç bir reaksiya olmadığına görə fevralın 15-də məktub yazdım. Heydər Əliyev Fondunun saytına müraciət etdim. Orada öz elektron poçt ünvanımı, mobil nömrəmi yazdım. Tələb etdim ki, mənimlə əlaqə saxlasınlar. Əgər əlaqə saxlanılmasa, şantaj edəcəyimi də qeyd etmişdim".
F.S. vurğulayıb ki, fevral ayının 18-də Cavid Qurbanovla əlaqə saxlayıb:
"Mən onunla əlaqə saxlayarkən 10 milyon avro tələb edəcəyimi söylədim. Daha sonra isə məbləğin 5 milyondan aşağı olmayacağını bildirdim".
Qeyd edək ki, bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyeva haqda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.
Faktla əlaqədar DTX-də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılır.
Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılıb. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.
Əli Hüseynov
Bakı 




