İranda baş verən son hadisələr artıq təkcə xarici təzyiqlərin nəticəsi deyil, daha çox daxili hakimiyyət strukturunun transformasiyasını göstərir. Yüksək rütbəli fiqurların aradan götürülməsi və idarəetmə mexanizmlərinə yönələn zərbələr ölkədə mövcud balansı pozaraq yeni güc bölgüsünün formalaşmasına şərait yaradır.
Bu proseslər göstərir ki, İran hazırda klassik siyasi sabitlik mərhələsində deyil, əksinə, sistem daxilində yenidənqurma və sərtləşmə mərhələsinə daxil olur.
Bu kontekstdə əsas məsələ hakimiyyət daxilində xətlərin dəyişməsidir. Əvvəllər müəyyən qədər balans yaradan və müxtəlif güc mərkəzləri arasında əlaqəni təmin edən fiqurların sıradan çıxması daha sərt və ideoloji xəttin ön plana keçməsinə səbəb olur. Xüsusilə SEPAH-ın təsirinin artması və təhlükəsizlik strukturlarının idarəetmədə dominant rol alması İranın daha çox hərbiləşmiş idarəetmə modelinə keçdiyini göstərir. Bu isə qərarların daha sürətli, lakin daha az çevik və daha riskli şəkildə qəbul olunması ilə nəticələnə bilər.
Hakimiyyətin bu şəkildə yenidən formalaşması paralel olaraq legitimlik məsələsini də gündəmə gətirir. Liderlik ətrafında yaranan qeyri-müəyyənlik, xüsusilə mümkün varislik ssenariləri və buna qarşı daxili narazılıqlar sistem daxilində gizli parçalanma riskini artırır. Belə vəziyyətlərdə rejimlər adətən iki istiqamətdən birini seçir: ya açıq islahatlara gedir, ya da əksinə, daha sərt və qapalı idarəetmə modelinə keçir. Mövcud dinamika göstərir ki, İran ikinci yolu seçməyə daha meyllidir.
Bu proseslər xarici faktorlarla da üst-üstə düşür. ABŞ daxilində belə İranla bağlı siyasətə dair vahid mövqenin olmaması, Donald Tramp administrasiyası dövründə sərt ritorika ilə paralel fərqli yanaşmaların mövcudluğu İran üçün həm risk, həm də qeyri-müəyyən imkanlar yaradır. Lakin ümumi mənzərə onu göstərir ki, xarici təzyiq və daxili radikallaşma bir-birini gücləndirərək İranı daha qapalı və daha sərt siyasi modelə doğru aparır.
Nəticə etibarilə, İran hazırda ikiqat transformasiya mərhələsindədir: bir tərəfdən xarici basqılarla zəiflədilir, digər tərəfdən isə daxilən daha sərt və mərkəzləşmiş idarəetmə modelinə keçir. Bu isə qısa müddətdə sistemin davamlılığını təmin etsə də, uzunmüddətli perspektivdə həm daxili sabitlik, həm də region üçün daha yüksək risklər formalaşdırır.
Ruslan Zəngəzur
Bakı 




