"Bayram günlərində yalnız qidalanmaya deyil, sosiallaşmaya və yuxu rejiminə də diqqət vacibdir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, bayram günlərində aktiv və sosial olmaq, qonaq getmək insan ömrünü uzadan sübut olunmuş amillərdən biridir. E.Məmmədov qeyd edib ki, yalnız sağlam qidalanmaq kifayət etmir, yuxu rejimi də bərabər dərəcədə önəmlidir:
“Ən sağlam həyat tərzi sürsəniz belə, yuxunuz normal deyilsə, onun faydası azalır. Bayram günlərində gecə yuxunuzu minimum 8 saat təmin etməyə çalışın.
Şirniyyatları bir gündə hamısını yemək əvəzinə günlərə bölün. Məsələn, bir gün bir növ şirniyyat yeyin, sabah digərini və bu şəkildə bayramı həm rahat, həm də sağlam keçirə bilərsiniz”.
Həkim əlavə edib ki, bu sadə tövsiyələr sayəsində bayramdan sonra əlavə kilo və mədə-bağırsaq problemləri yaşamadan normal həyat tərzinə qayıtmaq mümkündür.
Zeynəb Rzayeva
Bakı 




