Novruz bayramına artıq sayılı günlər qalıb və təbiət canlanmasını sürətləndirir. Bu dövrdə Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsi – xalq arasında xüsusi mərasim kimi qeyd olunur.
Sonuncu çərşənbə həm ilahır çərşənbə hesab edilir, həm də Novruz bayramına və yaz fəslinin gəlişinə hazırlıq mərhələsi kimi böyük əhəmiyyət daşıyır. Bu mərasimdə torpaq simvolik olaraq canlanır, yeni həyat və məhsuldarlığın rəmzi kimi təntənəli şəkildə qeyd olunur. Hər il olduğu kimi, bu il də xalq arasında torpaq çərşənbəsinə böyük maraq və hazırlıq müşahidə edilir.
Folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a bildirib ki, Novruz çərşənbələrinin sonuncusu torpaq çərşənbəsi kimi qeyd olunur:
“Bu ad torpaq ünsürü ilə bağlıdır. Sonuncu çərşənbədə torpaq “oyanır”, cana gəlir və təbiətdə yaz fəsli, bahar, Novruz bayramı ilə əlaqələndirilir. Beləliklə, torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq Novruz və təbiətin canlanmasının simvolu sayılır”.
Müsahibimiz əlavə edib ki, Torpaq çərşənbəsində digər yaradıcı ünsürlər - su, od və yel torpaqla birləşir və yeni həyatı, yazın gəlişini simvollaşdırır:
“Xalq yaradıcılığında torpaqla bağlı müxtəlif metaforik deyimlər də mövcuddur. Məsələn, “Mal etsən malın olar, yazda, yayda çullanar, üç fəsli yalın olar” deyimi torpağın düzgün əkinlə bərəkət verdiyini ifadə edir. Bu deyim torpağın şirinliyini və məhsuldarlığını, həmçinin yaz-yay aylarında yaşıllaşmasını simvolizə edir. Qışda isə torpaq “yarın” olur, yəni çılpaq qalır, bəzəksiz və məhsulsuz olur. Yazın gəlişi ilə torpaq yenidən çullanır, bitki örtüyü ilə bəzənir”.

Şakir Albalıyev, folklorşünas
Ş.Albalıyev qeyd edib ki, sonuncu çərşənbə kimi torpaq çərşənbəsinin seçilməsinin səbəbi onun Novruz və yaz fəsli ilə bağlı final mərasimi olmasıdır:
“Bu mərasim çərşənbələrin yekununu təşkil edir və təbiətdə baharın qədəm qoymasının simvoludur. Digər çərşənbələrdən fərqli olaraq torpaq çərşənbəsi daha böyük təmtəraqlı şəkildə qeyd olunur, xalq arasında ona xüsusi əhəmiyyət verilir”.
Folklorşünas vurğulayıb ki, bəzi bölgələrdə ilahır çərşənbə “Kiçik Novruz” və ya “Balaca Novruz” adlandırılır:
“Bu ad torpaq çərşənbəsinin Novruz bayramının özünü doğuran mərasim kimi dəyərləndirilməsini göstərir. Beləliklə, torpaq çərşənbəsi Novruz bayramının başlanğıcına və təbiətin canlanmasına hazırlıq mərhələsi kimi xalq arasında böyük önəm daşıyır”.
Torpaqla bağlı atalar sözləri
"Torpağa əyilən, namərdə əyilməz".
"Torpağa xor baxsan, o sənə kor baxar".
"Torpaq müqəddəsdir".
"Sular hərəkətlidir, torpaq bərəkətlidir".
"Torpaq deyər: 'Sən mənə tər ver, mən sənə zər verim!"
İlaxır Çərşənbə ilə bağlı inanclar
Bu gün təzə evə köçmək bəd əlamət sayılır.
Axır çərşənbə axşamı küsülülər barışmalıdır.
Bu gecə nəhs sözlər danışmaq olmaz.
Ərə verilən qızı tonqalın ətrafında fırladıb “Qoy odlu-ocaqlı olsun!” deyirlər.
Qeyd edək ki, yazfəslininAzərbaycanadaxilolması martın 20-sisaat 18:45:53-ə təsadüfedəcək.. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Torpaq çərşənbəniz, İlaxır çərşənbəniz mübarək olsun!
Aynur Babazadə
Bakı 




