Bu gündən avtomobillərin Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyə minir.
Bakıvaxtı.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.
Belə ki, bu gündən etibarən COP29 zolaqlarına daxil olan avtomobil sürücüləri 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
Qeyd edək ki, yollarda çəkilən COP29 zolaqları avtobus zolaqları ilə eyni xüsusiyyətlətə malikdir. Əslində, şəhərin mobillik planı çərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbiri ilə əlaqədar bu zolaqların çəkilməsi sürətləndirilib.
Digər avtomobillərin avtobus zolaqlarından istifadəsinə dair cərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına da aiddir. Bu zolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün nəzərdə tutulub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.