Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi davam edir. 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində çalışan 134 396 müəllimin bir qismi növbəti mərhələyə hazırlaşır.
Artıq 64 901 müəllim sertifikasiyaya cəlb olunub, onlardan 55 510 nəfərinin maaşına əlavələr edilib. Bu proses nəticəsində müvafiq tələbləri ödəyən müəllimlərin maaşı 10 faiz, yüksək nəticə göstərənlərin isə 35 faiz artırılıb. İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri imtahan verib. Bu mərhələdə 3 742 müəllim kəsilib.
2025-ci ildə isə sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq. Bu fənlər üzrə imtahanların asan və ya çətin olacağı barədə ekspertlər fərqli fikirlər səsləndirir. Bəzi mütəxəssislər fənn müəllimləri üçün prosesin daha ağır keçəcəyini, digərləri isə əvvəlki illərlə müqayisədə yeni mərhələnin daha asan olacağını bildirirlər.
Bəzi ekspertlər deyir ki, bu il sertifikasiyada iştirak edən on minlərlə müəllim arasında kəsilənlərin sayı kifayət qədər çox ola bilər. Bu isə həm təhsil sistemində dəyişikliklərə, həm də müəllim çatışmazlığı məsələsinə təsir edə bilər.
Ümumiyyətlə, sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib hesab olunur. Növbəti mərhələdə prosesin necə təşkil olunacağı və müəllimlərin buna necə hazırlaşacağı isə qarşıdakı ayların əsas müzakirə mövzularından biri olacaq.
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi isə fərqli düşünür. O bildirib ki, builki imtahanlarda uğur qazanan müəllimlərin sayı ötən ilə nisbətən çox olacaq:
“İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə müqayisədə texniki fənnlərin müəllimləri daha hazırlıqlıdır. Buna görə də onların daha yaxşı nəticə əldə edəcəyini proqnozlaşdırmaq olar. Ötən dövrdə sertifikasiyaya cəlb edilən müəllimlərə nisbətən bu ilki müəllimlər arasında əməkhaqqına 35% əlavə alacaq müəllim sayı daha çoxdur”.
Müəllimlərin sertifikasiya imtahanlarının müəllimlərin işə qəbulu imtahanına təsir edə biləcəyi qeyd edilir. Belə ki, sertifikasiya prosesində kəsilən müəllimlərin sayının artması işə qəbulda boş yerlərin çoxalmasına səbəb ola bilər.
Elçin Əfəndi isə builki sertifikasiya imtahanının müəllimlərin işə qəbulu imtahanlarına təsir edəcəyini düşünmür.
"Təsir o zaman ola bilər ki, sertifikasiyadan kəsilən müəllimlərin sayı çox olur. Bu zaman MİQ imtahanı zamanı müəllimlərin müraciət edə biləcəyi vakant yerlərin sayı artmış olur. O da bu il üçün belə hal olacağını düşünmürəm. Çünki bildiyimiz kimi sertifikasiyada bu il kəsilənlərə növbəti il yenidən imtahana girmək şansı verilir. Həmin imtahanın nəticələri MİQ imtahanlarına təsir edə bilər. Amma bu il imtahanların birinin digərinə ciddi təsir edəcəyini düşünmürəm”- ekspert qeyd edib.