Müəllimlərin orta aylıq əməkhaqqısı 16 faiz artıb.
Bakıvaxtı.az bildirir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025–2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edir. Statistikaya görə, 2024-cü ildə Azərbaycan müəllimlərinin orta aylıq maaşı təxminən 830 manat olub. Bu rəqəm ölkə üzrə orta əməkhaqqının 70 faizinə bərabərdir.
Həmçinin bildirilib ki, hazırda ümumi təhsil müəssisələrində 129 628 müəllim çalışır. Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində bu rəqəm 134 396 nəfər idi.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, müəllimlərin 1 faizi həftədə 34 saat dərs deyir və 2 000 manatdan çox əməkhaqqı alır. Bu kateqoriyaya 1 399 nəfər daxildir. Bundan əlavə, 11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1 500-2 000 manat arası maaş alır – bu, 12 803 nəfər deməkdir. 33 faiz müəllim isə 25 saatlıq dərs yükü ilə 1 000-1 500 manat arasında maaş alır. Onların sayı 39 296 nəfərdir. Ən geniş qrup isə 41 faiz təşkil edir – onlar 17 saat dərs deyir və 500-1 000 manat arası əməkhaqqı alır. Bu qrupa 49 757 nəfər daxildir.
Son olaraq, 14 faiz müəllim həftədə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Onların sayı 17 492 nəfərdir. Sertifikasiyaya gəlincə, 2022–2024-cü illərdə 64 901 müəllim bu prosesə cəlb olunub. Onlardan 17 426 nəfər yüksək nəticə göstərib və onların maaşı 35 faiz artırılıb. 38 084 nəfər isə qənaətbəxş nəticə göstərib, onların maaşında 10 faiz artım edilib.
Ümumilikdə 55 510 müəllimin əməkhaqqına əlavələr olunub. Nazir bildirib ki, 2026-cı ilin sonunadək 40 min müəllim sertifikatlaşdırmadan keçəcək və 2027-ci ildən etibarən bütün fənn müəllimləri bu prosesi tamamlamış olacaq. Əldə olunan göstəricilər göstərir ki, artıq minlərlə müəllim yüksək nəticələrinə görə 10–35 faiz maaş artımı alıb. Bu, həm onların əməyinə verilən dəyərin göstəricisidir, həm də keyfiyyətli tədrisə yönəlmiş islahatların real nəticəsidir.
Bakı 



