Kanada sosial media hesabları yaratmaq üçün minimum yaşı 16 olaraq təyin etmək istəyir.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadla verdiyi xəbərə görə, bu ölkənin mədəniyyət naziri Mark Miller qeyd edib ki, uşaqların təhlükəsizliyi ikinci dərəcəli məsələ ola bilməz:
“Hamımız bilirik ki, onlayn zərərli məzmun çox ciddi nəticələrə səbəb ola bilər. Texnologiya inkişaf etdikcə, qanunlarımızın da ayaqlaşmasını təmin etməliyik, çünki valideynlər bu çətinliklərin öhdəsindən təkbaşına gələ bilməzlər”.
Ölkənin səhiyyə naziri Marjori Mişel də diqqətə çatdırıb ki, sosial media və süni intellektlə işləyən çatbotlar uşaqlarda sağlam inkişafı təşviq etmir və bir çox gənclər üçün narahatlıq, təcrid, depressiya və bir çox digər əqli sağlamlıq problemlərinin mənbəyinə çevrilib.
Məlumatda o da qeyd olunur ki, sözügedən məsələ ilə bağlı Qanun layihəsi hazırlanır. Sosial platformalar buna əməl etməyəcəkləri halda şirkətlər qlobal gəlirlərinin 3%-dək və ya 10 milyon dollar (6,2 milyon avro) məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, bu qanun layihəsinin təqdimatı ölkənin ən pis kütləvi atışmalarından birində zərər çəkmiş ailələrin “OpenAI”-yə qarşı iddia qaldırmasından bir neçə həftə sonra baş verib. Cinayətkar “ChatGPT”-yə hücum planlaşdırdığını bildirib, lakin “OpenAI” bu mesajları Kanada polisinə göndərə bilməyib.
Aydın
Bakı 



