• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Bu şəxslər TEZ QOCALIR

CƏMİYYƏT

26 Avqust 2026 | 15:12

Bu şəxslər TEZ QOCALIR

“İnsan nə qədər yaşayacaqsa, həmin ömrü sağlam və rahat yaşamalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sağlam uzunömürlülük yalnız insanın neçə il yaşaması ilə deyil, həmin illərin nə qədər sağlam keçirilməsi ilə ölçülür:

“İnsan ola bilər ki, 100 il yaşayır, amma ömrünün 50 ilini xəstəliklərlə mübarizəyə keçirir. Sağlam uzunömürlülük ideyası ondan ibarətdir ki, insan nə qədər yaşayacaqsa, həmin ömrü rahat və sağlam yaşamalıdır. Bu, sağlam həyat tərzidir”.

Həkim bildirib ki, yaşlanmaya təsir edən əsas amillər arasında DNT-nin zədələnməsi, xroniki iltihab, bağırsaq mikroflorasının vəziyyəti və uzunmüddətli stress xüsusi yer tutur.

“Genetika insan sağlamlığı və uzunömürlülük üçün çox vacibdir. Lakin hər şey genetika deyil. İnsan sağlamlığının və uzunömürlülüyün təxminən 20-25 faizi genetika ilə, qalan böyük hissəsi isə həyat tərzi ilə bağlıdır. Ona görə də ‘hər şey məndə genetikdir’ demək düzgün deyil”, - deyə E.Məmmədov vurğulayıb.

Mütəxəssis uzunömürlülükdə qidalanmanın da mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, Aralıq dənizi tipli qidalanma, dəniz məhsulları, zeytun yağı, qoz-fındıq, meyvə və tərəvəzlər sağlam qidalanmanın əsas komponentlərindəndir.

Qastroenteroloq bioloji yaşın da insanın sağlamlıq vəziyyətinin qiymətləndirilməsində maraqlı göstəricilərdən olduğunu bildirib. Onun sözlərinə görə, insanın təqvim yaşı ilə bioloji yaşı eyni olmaya bilər. Stress, düzgün qidalanmamaq və yuxu çatışmazlığı bioloji yaşlanmanı sürətləndirən amillərdəndir.

“İnsanı qocaldan amillər arasında stress çox ciddi yer tutur. Xüsusilə uzunmüddətli stress və ailədaxili konfliktlər insanın bioloji yaşına mənfi təsir göstərə bilər”, - deyə həkim əlavə edib.

E.Məmmədov sağlam və uzun ömür üçün yuxu, düzgün qidalanma və fiziki aktivliyin vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, kifayət qədər yuxu olmadıqda orqanizmin bərpa prosesləri də düzgün həyata keçmir.

“Yuxu normal olmasa, dünyanın ən sağlam qidası və həyat tərzi belə sizə istənilən nəticəni verməyəcək. Yuxu həyati əhəmiyyət daşıyan məsələdir”, - deyə mütəxəssis qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026