• Bakı 23° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

"Bu, türk dünyasının gələcəyini müəyyənləşdirən tarixi hadisədir" - Kubanıçbek Ömüralıyev

MƏDƏNİYYƏT

29 Iyun 2026 | 11:30

Bu, türk dünyasının gələcəyini müəyyənləşdirən tarixi hadisədir - Kubanıçbek Ömüralıyev

"Birinci Türkoloji Qurultay təkcə elmi tədbir deyildi. Bu qurultay türk dünyasının gələcəyini müəyyənləşdirən, ortaq tarix, dil və mədəniyyət ideyasını formalaşdıran böyük tarixi hadisə idi".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Baş katib bildirib ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 17 may tarixində Türküstanda keçirilən iclasında Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı xüsusi qətnamə qəbul edilib. Onun sözlərinə görə, bu qərar yubileyin bütün türk dünyasında yüksək səviyyədə qeyd olunmasına və qurultayın zəngin elmi irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni əməkdaşlığının əsasını qoyan mühüm platforma olub. O qeyd edib ki, həmin qurultayda qəbul olunan qərarlar və irəli sürülən ideyalar bu gün də türk dövlətləri arasında inteqrasiyanın, ortaq dəyərlərin qorunmasının və humanitar əməkdaşlığın inkişafının ideoloji təməlini təşkil edir.

Baş katibin sözlərinə görə, qurultayın 100 illiyinin qeyd olunması yalnız tarixi hadisəyə ehtiramın ifadəsi deyil, həm də türk dünyasının gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. O bildirib ki, türk xalqlarının ortaq tarixinin, dilinin və mədəni irsinin öyrənilməsi gələcək nəsillərin milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Kubanıçbek Ömüralıyev əlavə edib ki, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də aktuallığını qoruyur və Türk Dövlətləri Təşkilatının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə, üzv ölkələr arasında elmi, təhsil və mədəni əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026