• Bakı C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Cenevrə masasında ultimatum diplomatiyası: ABŞ-İran xəttində sərt mərhələ

SİYASƏT

27 Fevral 2026 | 10:17

Cenevrə masasında ultimatum diplomatiyası: ABŞ-İran xəttində sərt mərhələ

Cenevrədə baş tutan və üç saat davam edən ABŞ-İran görüşü formal olaraq dialoq çərçivəsində keçirilsə də, məzmun etibarilə klassik kompromis danışıqlarından çox, şərtlər paketinin təqdim edilməsi təsiri bağışlayır.

ABŞ tərəfinin irəli sürdüyü tələblər - Fordo, Nətənz və İsfahan obyektlərinin tam sökülməsi, zənginləşdirilmiş uranın təhvil verilməsi, zənginləşdirmənin daimi qadağan olunması, ballistik raket proqramının ləğvi və regiondakı silahlı qruplara dəstəyin dayandırılması faktiki olaraq İranın strateji təhlükəsizlik arxitekturasının sökülməsi anlamına gəlir. Bu isə danışıqların “nüvə sazişinin bərpası” çərçivəsindən çıxaraq daha geniş, regional güc balansının yenidən qurulması müstəvisinə keçdiyini göstərir.

İran üçün məsələ təkcə nüvə texnologiyası deyil. Tehran uzun illərdir nüvə proqramını həm çəkindirici vasitə, həm də danışıqlarda rıçaq kimi istifadə edir. Zənginləşdirmənin “daimi” dayandırılması tələbi isə İranın gələcək strateji seçim imkanlarını sıfırlamaq deməkdir. Bu baxımdan ABŞ-nin təklifi İran üçün texniki razılaşma deyil, siyasi kapitulyasiya kimi qəbul oluna bilər. Xüsusilə də regional təsir alətləri olan Hizbullah, HƏMAS və digər qruplara dəstəyin tam dayandırılması tələbi İranın Yaxın Şərqdə qurduğu çoxqatlı təhlükəsizlik doktrinasının dağıdılması deməkdir.

Vaşinqtonun “müharibəsiz həll və məhdud sanksiyaların aradan qaldırılması” vədi isə diqqətəlayiqdir. Bu formul bir tərəfdən eskalasiyaya alternativ kimi təqdim olunur, digər tərəfdən isə təzyiq mexanizminin saxlanıldığını göstərir. Yəni sanksiyaların tam ləğvi deyil, selektiv yumşalma təklif edilir. Bu isə İran üçün riskli mübadilədir: strateji proqramların ləğvi müqabilində qeyri-müəyyən iqtisadi açılım.

“Danışıqların iflası qaçılmazdır” tezisi də təsadüfi deyil. Mövcud şərtlər kompromis üçün dar manevr sahəsi buraxır. Əgər tərəflərdən biri maksimumist mövqedə qalarsa, növbəti mərhələ ya uzadılmış diplomatik pauza, ya da məhdud hərbi-siyasi təzyiq fazası ola bilər. Xüsusilə regionda artan hərbi aktivlik və qarşılıqlı sərt bəyanatlar fonunda bu risk real görünür.

Bu görüşün əsas nəticəsi konkret razılaşmadan çox, tərəflərin niyyətlərinin aydınlaşmasıdır. ABŞ İranın nüvə və raket potensialını struktur şəkildə sıradan çıxarmağa çalışır. İran isə təhlükəsizlik zəmanəti almadan belə bir geri çəkilməyə razılaşmayacaq. Cenevrə masasından qalxan tərəflər faktiki olaraq növbəti mərhələnin konturlarını müəyyənləşdirdilər. Bu mərhələ ya daha çevik diplomatiya, ya da nəzarətli eskalasiya dövrü olacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

26 Fevral 2026