Milli Məclisin sabahkı iclasında Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, layihə cərimə cəzasının icra mexanizmini daha dəqiq və effektiv şəkildə tənzimləməyi hədəfləyir.
Yeni redaksiyada təqdim olunan 24-cü maddəyə əsasən, məhkum cəriməni müəyyən olunmuş müddətdə ödəmədikdə, onun icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada həyata keçiriləcək. Dəyişikliklər icranın hansı ardıcıllıqla aparılacağını dəqiqləşdirir. İlk növbədə, cərimənin məhkumun əməkhaqqından və ya digər rəsmi qazancından tutulması nəzərdə tutulur. Əgər məhkumun sabit gəliri yoxdursa və ya gəlir cərimənin ödənilməsinə kifayət etmirsə, icra məhkumun xüsusi mülkiyyətində olan əmlaka yönəldiləcək. Bu mərhələdə “İcra haqqında” Qanunun borclunun əmlakına yönəlmə ilə bağlı müddəaları işə düşəcək.
Dəyişikliklərin mahiyyəti cərimələrin icrasında daha ədalətli və operativ mexanizm yaratmaqdır. Xüsusilə, cərimə məbləği ilə uyğun olmayan dəyərdə əmlakın həbs edilməsi və satışa çıxarılması ehtimalı minimuma endirilir. Gəlir prioritetli əsas kimi seçildiyinə görə həm icra prosesi sürətlənəcək, həm də əlavə hüquqi yük azalacaq.
Qanun layihəsi birinci və ikinci oxunuşda təsdiqlənib və sabah keçiriləcək üçüncü oxunuşda sonuncu hüquqi redaksiyada müzakirə olunacaq.
Əli Hüseynov
Bakı 




