Çin hakimiyyəti Pekinlə diplomatik əlaqələr saxlayan Afrika ölkələrindən gələn bütün malları rüsumlardan tamamilə azad etməyə hazırdır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı Çin lideri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) liderlərinin 32-ci qeyri-rəsmi görüşündə açıqlama verib.
Onun sözlərinə görə, Çin artıq Pekinlə rəsmi əlaqələri saxlayan zəif inkişaf etmiş ölkələrdən idxalı tamamilə azad edib. Bundan əlavə, Çin ümumi inkişafa yönəlmiş hərtərəfli iqtisadi tərəfdaşlıq sazişləri bağlamağa hazırdır.
"Çin insanların ehtiyaclarına yönəlmiş inklüziv və davamlı inkişafa sadiqdir. Ölkə inkişaf disbalansı ilə mübarizə aparmaq, iqtisadi qloballaşmanı təşviq etmək və digər ölkələrlə “Bir Kəmər və Yol” Təşəbbüsünü (BRI) fəal şəkildə inkişaf etdirmək niyyətindədir. Çin həmçinin daha çox inkişaf etməkdə olan ölkələrin modernləşdirilməsinə dəstək verməyi planlaşdırır", - deyə Si Cinpin əlavə edib.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2024-cü ildə Çinin Afrika ölkələri ilə ticarət dövriyyəsi 4,8% artaraq 259,56 milyard dollar təşkil edib. Pekinin ixracı 3,5% artaraq 178,76 milyard dollara, Afrika ölkələrindən idxal isə 6,9% artaraq 116,8 milyard dollara çatıb.
Gülşən Şərif
 Bakı
 Bakı 


