Çin hərbi mühəndisləri aşağı yerətrafı orbitdə yerləşən peyklərin işini poza bilən, dünyanın ilk yüksək güclü və kompakt mikrodalğalı silahını nümayiş etdiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Bildirilib ki, yeni hazırlanan "TPG1000Cs" sistemi xüsusilə ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starlink" kimi qlobal peyk şəbəkələri üçün ciddi təhlükə yaradır.
Bu texnologiyanı inqilabi edən əsas amil onun həm ölçüsü, həm də işləmə müddətidir. Mövcud analoqlar belə yüksək enerjini cəmi bir neçə saniyə ərzində yaya bildiyi halda, "TPG1000Cs" sistemi 20 QVt gücündə impulsları tam bir dəqiqə ərzində fasiləsiz şəkildə ötürə bilir. Bu müddət hədəf alınan peykin elektronika sistemini tamamilə sıradan çıxarmaq və ya rabitəsini kəsmək üçün kifayətdir.
Sistemin kompakt dizaynı onun tətbiq dairəsini genişləndirir. "TPG1000Cs" qurğusu kifayət qədər kiçik olduğu üçün onu yük maşınlarına, döyüş gəmilərinə, təyyarələrə və hətta digər peyklərə quraşdırmaq mümkündür. Bu da Çinə kosmosda və quruda rəqibin strateji infrastrukturuna qarşı gizli və mobil mübarizə aparmaq imkanı verir.
Ekspertlər bildirirlər ki, bu texnologiya kosmik təhlükəsizlik balansını dəyişə bilər. Peyk rabitəsindən asılılığın artdığı müasir dövrdə Çinin bu addımı kosmosun hərbiləşdirilməsi istiqamətində atılan ən ciddi addımlardan biri kimi qiymətləndirilir./Teleqraf
Bakı 




