Estoniya Rusiyadan müdafiə olunmaq üçün kiçik ölçülü raket hazırlayıb.
Bakıvaxtı.az Ölkə.Az-a istinadən xəbər verir ki, Estoniyada yerləşən müdafiə şirkəti “Frankenburg Technologies” Avropada Rusiya təhdidinə qarşı durmaq üçün hazırlanmış yeni müdafiə sistemini təqdim edib.
Şirkətin baş meneceri Kusti Salm "Mark 1" adlandırılan mini raketin miqyaslı modelini təqdim edib. O, çörək boyda və ortalama bir insan qolundan daha qısa raketlə bağlı “silah istehsal etdiyimiz üçün üzr istəmirik” söyləyib.
Təxminən 65 santimetr uzunluğundakı raketin köpük modelini əlində tutan Salm əlavə edib:
“Biz bu silahları Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün istehsal edirik. Bu raketin növbəti beş-on ildə Qərb dünyasında ən çox ehtiyac duyulan müdafiə qabiliyyəti olacağına görə üzr istəmirik”.
Salm Qərb müdafiə sistemlərində istifadə edilən raketlərin tez-tez "mükəmməl" hesab edildiyini, lakin bu mükəmməlliyin qiyməti artırdığını qeyd edərək, "Mark 1"in əlverişli olmasını istədiklərini bildirib.
Britaniyanın "Telegraph" qəzeti raketi “Avropanı Putindən qoruyacaq” silah kimi təqdim edib.

Təxminən 2 kilometr mənzilli raket 90% vurma nisbəti ilə hədəfə alınsa da, lakin hazırda vurma nisbəti 65%-dir. Raketin qiyməti açıqlanmasa da, mövcud hava hücumundan müdafiə sistemlərindən təxminən 10 dəfə ucuz olduğu bildirilib.
Qəzet yazır ki, Avropa və ABŞ-dəki müdafiə laboratoriyaları ucuz və effektiv kiçik raket sistemləri hazırlamaq üçün intensiv işləyir. Bu kiçik raket təşəbbüslərinin əsas məqsədi Rusiyanın Ukraynada müharibə başlatdıqdan sonra ortaya çıxan dron problemini ölkələri müflis etmədən həll yolu tapmaqdır.
Qeyd edək ki, NATO 9 sentyabrda Polşa sərhədini keçən 20 Rusiya dronunu ələ keçirmək üçün F-16 qırıcı təyyarələrini havaya qaldırıb. Lakin istifadə edilən raketlərin qiyməti 500.000 funt sterlinqə başa gəlsə də, hədəflərini dəqiq yerinə yetirə bilməyib.
Bakı 




